Türkiyə əsla münaqişəyə cəlb edilməyib və Azərbaycanda muzdlular yoxdur.
Cəbhə xəttində əcnəbilərin döyüşməsi barədə Ermənistanın “feyk”lərinə Prezident İlham Əliyev xarici media orqanlarına verdiyi müsahibələrdə dəfələrlə aydınlıq gətirib və deyilənlərin əksinə olaraq, muzdluların məhz Ermənistan tərəfində döyüşdüyünü qeyd edib.
“Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir" - Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı həmçinin digər dövlətlərin də münaqişəyə cəlb edilmədiyini xüsusi vurğulayıb: "Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlarından Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələri buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ancaq görünən odur ki, bu qədər aldığı dərslər Ermənistana təsir etmir. Uğurlu əməliyyatlar nəticəsində günbəgün irəliləyən Azərbaycan Ordusunun işğal altında olan çox sayda yaşayış məntəqəsinin azad etməsi, düşmənin çox sayda hərbi texnika, canlı qüvvə, silah-sursatını məhv etməsi, qənimət kimi ələ keçirməsi nəticəsində Ermənistan əhalisi arasında böyük təşviş və hakimiyyətə inamsızlıq yaradıb. Etimadsızlıqdan və minlərlə hərbçinin məhv olması səbəbilə yaranan aqresiyanın birbaşa hərbi-siyasi rəhbərliyin hakimiyyətdən getməsi ilə nəticələnəcəyi özlərinə də gün kimi aydındır.
Bütün sferalarda uğursuzluqlarını və sürətlə geri çəkilmə “taktiki-gedişini” ört-basdır etmək, həmçinin beynəlxalq aləmdə itirdiyi dəstəyi bərpa etmək üçün Ermənistan çıxış yolunu məhz dezinformasiyalar yaymaqda görür.
Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, onların ən böyük “feyk”i “cəsur ordu” haqqındakı mifləridir.
“Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik".
Rövşən Mehrəliyev,
Gənclər və İdman İdarəsi rəisinin müavini