Şirvanda xüsusi karantin rejimi ilə bağlı reydlər davam edir.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Şirvan şəhərində aparılan maarifləndirici-profilaktik tədbirlər gücləndirilmişdir.
Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar xüsusi karantin rejiminin tətbiqi ilə bağlı şəhər ərazisində sakinlərin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatda, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə mütəmadi olaraq reydlər həyata keçirirlər. 27 oktyabr tarixində keçirilən növbəti reydlərdə gün ərzində ümumilikdə 167 olmaqla, 28 ictimai iaşə, 108 ticarət, 16 bərəbərxana və gözəllik salonu, 15 digər xidmət obyektlərinə nəzarət edilib. Reydlər zamanı bir neçə çay evinin fəaliyyəti dayandırılmışdır. Obyekt sahiblərinə və vətəndaşlara izah olunmuşdur ki, ölkəmizin iki cəbhədə-həm torpaqlarımızın düşməndən azad olunması uğrunda, həm də ölkəmizdə artmaqda olan COVİD-19 infeksiyası ilə mübarizə apardığı bir vaxtda qaydalara əməl etməli, birlik nümayiş etdirməliyik. Hər birimiz mövcud infeksiya ilə mübarizə aparmalı, sosial məsafə saxlamalı, gigiyenik vasitələrdən, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı, yas mərasimlərində kütləviliyin qarşısının alınmasında, əsasən yas mərasimlərində insanların bir yerə toplaşmasına qarşı birlikdə təbliğat aparmalı və bununla da vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Qeyd edilmişdir ki, arxa cəbhədə infeksiyaya qarşı birlikdə mübarizə aparmaqla virusa qalib gələ və Ordumuza dəstək nümayiş etdirmiş olarıq.
Obyekt sahibləri və sakinlər həm ön cəbhədə ordumuzun qazandığı qələbələrə, həm də arxa cəbhədə virusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.