Fransa nümayəndə heyətinin Ermənistana səfəri təxribat xarakteri daşıyır.
Otuz ildir işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq torpaqlarımızın 20 faizini işğal altında saxlamasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına göz yuman dünya ictimaiyyətindən haqqın, ədalətin bərpasını istəyən Azərbaycan sentyabrın 27 -dən bu günə kimi Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını qətiyyətli əks-hücum əməliyyatları ilə alması nəticəsində həm döyüş meydanında malik olduğu potensial imkanları, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mümkünlüyünü nümayiş etdirir. İşğalçı Ermənistan bu günədək danışıqları imitasiya üçün aparmış, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistanın faşist siyasəti özündə başqa xalqlara və millətlərə kin, nifrət bəsləməyi, başqalarının ərazilərinə göz dikməyi ehtiva edir. Onun bu gün yeni ərazilər iddiası ilə müharibə planını ortaya qoyması da deyilənlərin təsdiqidir.
Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində geri çəkilən Ermənistan məğlubiyyəti ilə barışmayaraq mülki əhalini, yaşayış məntəqələrini raket atəşinə tutmaqla faşist siyasətini bir daha təsdiqlədi. Azğın və xəyanətkar düşmənə sarsıdıcı zərbələr endirilir, ərazilərimiz işğalçılardan təmizlənir. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, eləcə də 100-dən artıq yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımıza böyük inam bəxş edir.
Özbaşınalıq, rüşvət verib koronavirus adı ilə ordudan yayınma halları, muzdluların, eyni zamanda, əsgər çatışmazlığından yaşlıların və uşaqların döyüşlərə cəlb olunması Ermənistanın ordusunun aydın mənzərəsini yaradır. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı tutarlı faktlar mövcuddur. Həmçinin bu faktlar da təsdiqlənir ki, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatı işğal olunmuş torpaqlarımızda hərbi bazalar qurur və Azərbaycana qarşı vuruşur.
Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır. Bunu hər kəs və bütün dünya bilməlidir. Ona görə də dünya birliyi ikili standartları kənara qoyub Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkara sanksiyalar tətbiq etməli, işğalçı dövlətin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi beynəlxalq cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Möhtərəm Prezidentimizin müsahibələrində və xalqa müraciətlərində də bu məqam öz əksini tapır ki, əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaqdır.
Dövlətimizin başçısı İlham Əliyevin Yaponiyanın “Nikkei”, Fransanın “Figaro” qəzetlərinə, ABŞ-ın “Fox News” televiziya kanalına müsahibələrində, eyni zamanda, Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə, oktyabrın 26-da xalqa müraciətində də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlərin neytrallığı qorumamasına diqqəti yönəldərək bildirib ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Prezident ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bir daha yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirmiş, qərəzli və dolaşıq suallar verən jurnalistə, sözün əsl mənasında, master-klass keçmişdir. Cənab İlham Əliyev Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində Azərbaycanın mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə, səlis izah edir, düşmənin əsassız iddialarını əks-arqumentlərlə yerindəcə ifşa edir.
Dövlətimizin başçısı İlham Əliyevin nüfuzlu beynəlxalq media qurumlarına, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə məxsus mətbu orqanlara müsahibələri Rusiya, ABŞ və Fransa auditoriyasına həqiqətlərin çatdırılmasına bir daha imkanlar yaratmış, işğalçı dövlətə bu günədək verilən dəstəklərin əsl mahiyyətinə işıq salmışdır.
Fransanın vasitəçiliyə uyğun addım atmadığını önə çəkərək bildirib ki, məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar. Ermənistan ilə Azərbaycan arasında yaşanan münaqişə nəticəsində beynəlxalq təşkilatlardan tutmuş region və dünya ölkələrinə qədər kimin hansı mövqedə olduğu daha aydın görünür. Atəşkəsin bərpası üçün danışıqlara hazır olduğunu bildirən Fransa sentyabrın 27-dən bu günədək ikili standartlara əsaslanan siyasətini daha qabarıq şəkildə büruzə verir. Fransa erməni diasporunun güclü olduğu ölkələrdən biridir, eyni zamanda, ermənipərəst siyasəti ilə daim diqqətdə olub. Reallıq budur ki, bu gün Prezident Emmanuel Makron ermənilərə hədsiz dərəcədə sevgisi və türk dünyasının iki aparıcı dövlətinə - Türkiyə və Azərbaycana qarşı nifrəti ilə hətta öz sələflərini də kölgədə qoyub. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkə üçün belə addımların atılması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir.
Fransanın qeyri-konstruktiv siyasəti ilə bağlı bir məqamı da diqqətə çatdırmaq istərdim ki, Azərbaycana qarşı hərbi təcavüzün davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə etməklə mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi bir məqamda Fransa parlamenti nümayəndə heyətinin Ermənistana səfəri təxribat xarakteri daşıyır. Fransanın bu addımı onun vasitəçilik missiyasına ziddir. Bu kimi faktları xeyli sayda sadalamaq olar. Fransanın danışıqların bərpasına çağırışları, BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün səylər göstərməsi və sair kimi birtərəfli addımları riyakarlığının göstəricisidir. Dövlətinin, xalqının gələcəyini düşünən ölkə rəhbəri heç zaman beynəlxalq münasibətlərdə belə xaosun yaranmasına çalışmaz. Azərbaycan Ordusu davamlı qələbə xəbərləri ilə Paşinyanla bərabər ona havadarlıq edən Fransa kimi mövqeyi beynəlxalq hüquq normalarına zidd olan dövlətlərin də işğalçı planlarını alt-üst edir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ordumuz erməniləri işğal altında olan torpaqlarımızdan qovur və dövlətimizin başçısının dediyi kimi, qovmağa davam edəcək. Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!
Pərvanə Babayeva
Şirvan Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı