Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına verdiyi müsahibənin əvvəlində jurnalistin “Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?” – sualını belə cavablandırıb: “Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi.”
Daha sonra cənab İlham Əliyev əlavə edib ki, sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır.
Jurnalistin ittiham dolu “Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız” sözlərini cavablandıran cənab Prezident diqqətə çatdırıb ki, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.
Jurnalistin “Niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz?” – sualını cənab İlham Əliyev cavablandıraraq bildirib ki, biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Cənab İlham Əliyev, eyni zamanda əlavə edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.
Müsahibədə dövlət başçısı vurğulayıb ki, biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir.
Ordunun mülki əraziləri, evləri, hədəfə alması ilə bağlı jurnalistin sualını cavablandıran cənab İlham Əliyev diqqətə çatdırıb ki, biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarla adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik.
Suriyalı silahlıların müharibədə döyüşməsi ilə bağlı sualı isə cənab İlham Əliyev belə cavablandırıb: Bu, daha bir feyk xəbərdir. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir.
Müsahibədə cənab İlham Əliyev diqqətə çatdırıb ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb.
Türkiyə ilə münasibətlərə toxunan dövlət başçısı xüsusi vurğulayıb ki, Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır.
Müsahibənin sonunda “Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub” - deyən cənab İlham Əliyev bildirib ki, biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanıstanda bir yerdəyik, biz hərbi qulluqçularımızı Əfqanıstanda saxlayırıq və bununla sülhməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Azərbaycan müstəqilliyini gücləndirərək müstəqillik yolunda irəliləməyə davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat, enerji qovşağında yerləşirik. Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlar üçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdaşdır.
Barxudar Barxudarov
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru