İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir.
Azərbaycanda tək bir vətəndaş yoxdur ki, cənab Prezidentin çıxışlarını, xalqa müraciətlərini böyük maraqla gözləməsin. O bütün çıxışlarında bizi ekran qarşısında qürurlandırır, “Yaxşı ki,Prezidentimiz Cənab İlham Əliyevdir” dedirtir. Oktyabr ayının 27-də Cənab Prezident daha bir xalqa müraciəti ilə bizi ekran qarşısına topladı. Yenə bütün xalq bir yumruq olub Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevin yanındaydıq. Yenə bir ağızdan Cənab Prezidentimizə qoşulub “Qarabağ Azərbaycandır” dedik.
Ali Baş Komandan öz çıxışında qeyd etdi ki, ikinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Bu cümlə Azərbaycan xalqının ruh yüksəkliyini çox gözəl ifadə etdi. Həqiqətən də hər bir vətəndaş bir yumruq olaraq Vətəni üçün mübarizə aparır, sadəcə əsgərlərimiz deyil hər bir vətəndaş əlindən gəldiyi qədər müharibəyə dəstək olur və canını qurban verməyə hazırdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki Azərbaycan Ordusunun müvəffəqiyyətlərindən qürurlanır və torpaqlarımız işğaldan azad olunduqca sevinib milli fərəhlə doluruq. Şəhidlərimiz, qanının son damcısına qədər mübarizə aparan igidlərin mübarizəsi bizim başımızı uca edir və onların qanı işğaldan azad edilməli olan torpaqları daha da müqəddəsləşdirir. “Torpaq uğrunda ölən varsa Vətəndir” - Torpaqlarımızı Vətən edən və bizi qoruyan oğullarımızın varlığı bir Azərbaycan qızı olaraq məni qürurlandırır, köksümü fərəh hissi ilə doldurur.
Aparılan müharibədə bizim əsgərlərimiz hər addımını haqlı olmanın qürur və vicdan rahatlığı ilə atır, haqlı olduğumuz üçün qazanılan hər qələbə isə bizə daha da şirin gəlir. Cənab İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi “Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir”. Mən Ali Baş Komandanımızın əmrindəki Azərbaycan Ordusunun, hətta deyərdim ki, bütünlükdə Azərbaycan xalqının tarixi ədaləti bərpa edəcəyinə, düşmənin bütün hilələrinə, bütün alçaqca taktikalarına baxmayaraq, öz haqlı mübarizəmizin qalibi olacağımıza ürəkdən inanıram. Hər gün yeni ərazilər işğaldan azad edilir, bütün xalq olaraq hamımızın ən ali amalına çevirilən “Qarabağın işğaldan azad edilməsi, tarixi ədalətin bərpa edilməsi”nə bir az daha yaxınlaşırıq.
Sözsüz ki, Cənab Prezidentin “Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır” sözlərinə bütün xalq olaraq yekdilliklə qoşuluruq. Ermənistan və erməni millətinin üzsüzlüklə irəli sürdükləri saxta iddialar Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olduğu həqiqətini dəyişdirmir. Bir sıra ölkələrin vətəndaşları Ermənistanın hiyləgər yalanlarına inanaraq bu mövzuda yalnış tərəfi seçir. Prezidentin də qeyd etdiyi kimi “Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir”. Ancaq bütün bu haqsızlıqlar bizim inamımızı qırmır və haqq mübarizəmizdən döndərə bilmir. Düzdür könül istərdi ki, insanlar haqqın tərəfində olsun, ancaq haqlı olduğumuzu bilmək bizə bəsdir. Biz öz Vətənimizi sevdikcə, onu canımız bahasına qorumağa davam etdikcə, yumruq kimi bir olduqca heç bir əngəl bizi öz amalımızdan “tarixi ədaləti bərqərar edərək yağı əlindəki torpaqlarımızı işğaldan azad etmək”dən çəkindirə bilməyəcək və Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin səsinə səs olmağa davam edəcəyik. “Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”
Şirvan şəhər Mədəniyyət
Mərkəzinin metodisti Firuzəxanım Abbasova