Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş ərazilərin erməni silahli birləşmələrindən təmizlənməsi uğrunda sentyabrın 27-dən başlayan Vətən müharibəsini çox diqqət və həyəcanla izəyirik. Uzun illərdən bəri daim atəkəsi pozan və sülh danışıqlarına əməl etməyən düşmənlə başqa dildə danışmağın mümkün olmadığını iyul ayında Tovuz rayonuna namərdcəsinə edilən hücumdan sonra bizlər də gördük. Bu gün hər birimizin qəlbi Azərbaycan əsgəri ilə birgə döyünür . Biz 30 illik həsrətin bitəcəyinə inanırıq. Buna görə də bütün Azərbaycan xalqı həmrəydir. Hər zaman Ana Vətənimizə dəstək verməyə Ali Baş Komandanla bir səngərdə olmağa hazırıq. Möhtərəm cənab Prezident, Sizin daim təmkinlə söylədiyiniz “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var” ifadəsi bu gün hər bir Azərbaycanlı üçün qürur mənbəyinə çevrilib.Vətən müharibəsinin getdiyi bu dönəmdə bir daha əmin olduq ki, belə bir güclü ordu Sizin kimi qətiyyətli, Müzəffər Ali Baş Komandanın dəqiqliklə yürütdüyü hərbi quruculuq siyasəti sayəsində ərsəyə gəlib. 27.10.2020-ci il tarixli müraciətinizi dinləyərkən buna bir daha əmin olduq. Azad edilən yaşayış məntəqələrinin adını Sizin saymağınızı böyük səbirsizliklə gözləyir, məntəqələrin adını eşitdikdə bizim sevincimizin və fərəhimizin həddi-hüdudu olmur. Artıq azad edilən məntəqələrin sayı 200-ə yaxınlaşır. Beş ilə (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir.
Prezidentin çıxışı həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimai rəyə hesablanıb. Prezident daxili auditoriyanı həm 20-ci əsrin əvvəllərinin, həm də 1988-ci ildən sonrakı dövrün səhvləri haqqında məlumatlandırır, beynəlxalq ictimai rəyi həqiqətlərlə maraqlanmağa məcbur edir, Ermənistan ictimaiyyətini isə miflərdən xilas edib tarixi, hüquqi və Ordumuzun yaratdığı hərbi reallıqları qəbul etdirməyə çalışır.
Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinin həm tarixi, həm də hüquqi incəliklərini müfəssəl izah edir. Çıxış həm ictimai fəallar, həm gənclər, həm də diplomatlar üçün fəaliyyət proqramı kimi istifadə edilməlidir.
Möhtərəm Prezident münaqişənin həllində Minsk qrupunun fəaliyyətini qiymətləndirərkən qeyd etdi ki, Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər.
Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir.
Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir. Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, öz namizədliyini geri götürməlidir.
Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv ölkələrə böyük təzyiqlər edərək yeni sənəd qəbul olunmasına çalışıb. Məqsəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub. Bu yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər, bizə dəstək göstərdilər.
Bütün başqa məsələlərdə maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur.
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu hadisələrə hərtərəfli qiymət verməyi bizi qürurlandırır.Biz möhtərəm Prezidentimizin bütün siyasətini bəyənirik və dəstəkləyirik. İnanırıq ki, Prezidentimizin qətiyyətli siyasəti uğurla nəticələnəcək, tezliklə torpaqlarımız azad ediləcək. Şanlı Azərbaycan Ordusuna eşq olsun ! Allah Sizi daim Müzəffər etsin! Qarabağ Azərbaycandır!
İltifat Nəbiyev
Şirvan Şəhər MKS-nin direktoru