Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev: Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etmişik və azad etməyə davam edirik.

30 oktyabr 2020 | 16:00

Son bir ay ərzində Azərbaycan haqq mübarizəsini davam etdirdikcə dünya ictimaiyyətinin, mətbu orqanların diqqəti tamamilə ölkəmizə yönəlib. Hər gün ayrı-ayrı ölkələrin televiziya, radio kanalları, xəbər agentlikləri, tanınmış qəzet muxbirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən müsahibə götürmək üçün müraciət edirlər. Cənab Prezident son bir ayda 20 dən çox müsahibədə iştirak edib, Azərbaycanın haqqlarının dünya ictimaiyyətinə çatdırılması ilə informasiya müharibəsində öz sözünü deməyi bacarıb. 26 oktyabr 2020-ci il tarixdə Fransanın “Figaro” qəzetinə müsahibə verən Ali Baş Komandan İlham Əliyev jurnalistin suallarına hərtərəfli cavab verməklə bir daha özünün geniş təcrübəyə, intellektual səviyyəyə və diplomatik savada malik olduğunu sübut etdi. İlk olaraq hərbi əməliyyatların başlanılmasına münasibət bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Hərbi əməliyyatlara Ermənistan başlayıb. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik.
   Cənab Prezidentin söylədiyi kimi, bəli biz öz ərazilərimizi azad edirik. Rəşadətli Azərbaycan Ordusu hərgün bir neçə kənd və qəsəbəni düşmən tapdağından azad edir. Erməni ordusu isə ordumuzun qarşısında tab gətirə bilmir və qaçır. Bu bütün torpaqlarımız azad olunanadək davam edəcək. Öz məğlubiyyətləri ilə barışmayan Ermənistan hökuməti müxtəlif dezinformasiyalar yayır. Türkiyə Azərbaycana hərbi dəstək verir, F-16 qırıcı təyyarələri döyüşdə iştitak edir və Azərbaycan Ordusunda muzdlular döyüşür kimi böhtan xarakterli bəyanatlar verirlər. Lakin bunların heç bir əsası yoxdur. Cənab Prezident də bu mövzu ilə bağlı sualları cavablandırarkən qeyd etdi ki,  Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar. Türkiyə əsla münaqişəyə cəlb edilməyib və Azərbaycanda muzdlular yoxdur. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək, beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər. Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Bu, müəyyən ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət nizami Ordusu var, müasir avadanlığı var, 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları var. 
   Ermənistan bu cür böhtanlarla dünya ictimaiyyətinin diqqətini öz üzərindən çəkməyə çalışır. Çünki 30 ilə yaxın müddətdə silahlanan Ermənistan bugün bu prosesi davam etdirir. Ermənistana Rusiya və bir neçə dövlətdən pulsuz şəkildə silah daşınır.  Azərbaycanın isə  ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları pulla almaq imkanı var. Azərbaycan müasir silahlardan istifadə etməklə öz haqq mübarizəsini davam etdirir. Artıq İranla olan 130 kilometrlik sərhəd zonası tam Azərbaycan əsgərinin nəzarətindədir. Bununla da  İranın narahat olmasına artıq ehtiyac qalmır.  Münaqişənin bu qədər uzanmasına səbəb olan məqamlardan biri də ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlıdır. 28 ildir fəaliyyət göstərən ATƏT-in Minsk qrupu həmsədr ölkələri heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Təbii ki, ölkəmiz güc yolu-müharibə yolu ilə torpaqlarını işğaldan azad edir. Lakin görünən odur ki,  erməni yenə də öz vəhşiliyindən əl çəkmir və beynəlxalq hüququn prinsiplərini heçə sayır. Müharibə başlayan 3 dəfə humanitar atəşkəs rejimi tətbiq olunub və hər birində Ermənistan tərəfi atəşkəs rejimini pozmaqla Azərbaycanın mülki obyektlərinə raket zərbələri endirdilər,  Gəncə və Bərdə şəhərlərinin mülki əhalisinə qarşı terror aktı törətdilər.  Azərbaycan Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür. Lakin Erməni tərəfi bununla heç bir halda razılaşmır və insanların həyatını itirməsinə biganə qalır. Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar olub. Sovet hakimiyyətinin dağıldığı illərdə ermənilər etnik təmizləmə siyasətini həyata keçirdilər və minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin düşdü. Bu həm etnik təmizləmə və həm də dinlərarası mübarizə idi. Çünki Ermənistan xristian dövləti olaraq müsəlmanları qəbul etmədi. Azərbaycan isə  dininə hörmət edən dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi var. İşğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək. Azərbaycanın tolerant dövlət olaraq bütün dinlərə hörmət edir və eləcə də xristian dövlətləri ilə dostluq münasibəti var.  Məsələn Azərbaycan-Gürcüstan münasibətləri mükəmməldir və strateji tərəfdaşdırlar.  Azərbaycan Gürcüstanda ən böyük investor, ən böyük vergi ödəyicisidir. Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatı var. Ölkəmizin bütün əsas nəqliyyat və enerji kommunikasiyaları Gürcüstan ərazisindən keçir.
   Növbəti müsahibədə də Azərbaycanı, Azərbaycan xalqının haqlı mübarizəsini əsas meyar seçərək sualları cavablandıran  Ali Baş Komandan Qarabağ uğrunda sonadək mübarizə aparacağını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Biz də xalq olaraq cənab Prezidentimizin yanındayıq və bu mübarizənin Azərbaycanımızın qələbəsi ilə bitəcəyinə inanırıq. Var olsun cənab Ali Baş Komandan. Eşq olsun Azərbaycanın Rəşadətli Ordusuna. Qarabağ Azərbaycandır.


Ağamirzə Qədirli 
Şirvan Gənclər Evinin əməkdaşı

Keçidlər