Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan İlham Əliyev: Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz.

30 oktyabr 2020 | 16:00

Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib. İkinci Qarabağ müharibəsi  xalqımız üçün Vətən müharibəsidir. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 27 oktyabr 2020-ci il tarixdə Azərbaycan xalqına müraciəti zamanı səsləndirib. Əks hücum əməliyyatlarının 30-cu günündə xalqa səslənən Prezident İlham Əliyev bir çox məqamlara toxunub.  Təbii ki, Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane oldu, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozdu. Son təxribatlardan sonra artıq danışıqlar prosesinin nəticə verməyəcəyinə əmin olan Ali Baş Komandan əks hücum əmrini verdi. Əks hücum əməliyyatlarından 1 ay keçməsinə baxmayaraq Azərbaycan Ordusu 150-yə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. Təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir. Ordumuzun bu göstəricilərinə nail olmaq üçün ötən  illər ərzində çox böyük işlər görülüb. Hələ sovet hakimiyyəti illərində Ulu öndər Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə hərbi kadr sahəsində atdığı addımlar, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoydu. Ümummilli Lider tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunaraq, inkişaf etdirilməsi istiqamətində atılan tarixi addımlar sonradan müstəqil Azərbaycanda mərkəzləşdirilmiş nizami ordunun yaranmasına təkan verdi. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində taleyüklü addımlar atıldı və Azərbaycan Ordusu elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı. Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik Məktəblərini formalaşdırdı.
   Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi.  Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşaraq möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan indiki ordu formalaşdı. Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Təbii ki, bütün bunlar bugün apardığımız haqq mübarizəsində əldə etdiyimiz tarixi nailiyyətlərin kökündə dayanan amillərdir. Uzun illər ərzində qurulan ordumuzun qarşısında bir məqsəd var. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal altında olan torpaqlarımızı işğaldan azad etmək. Çünki cənab Prezidentin də dediyi kimi:Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək  dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Qarabağ tarixini  dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada  məsələ ilə bağlı daha obyektiv təsəvvür var.  Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uzun illər mərhələli şəkildə işlər aparılıb. Bütün Azərbaycan xalqı, QHT-lər, diaspora təşkilatları bu istiqamətdə çalışıblar. Cənab Prezidentin xarici səfərləri, Beynəlxalq təşkilatlardakı çıxışlarının əsas mövzusu Qarabağ problemi olub. Prezidentin  Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada,  Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfələr verib.
   Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərin əsas cavabdehi ATƏT-in Minsk qrupu olub ki, onların da fəaliyyətinə  müsbət qiymət vermək olmaz. Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib.   Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib. Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni və Bərdəni ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir. Uzun illər danışıqların faydasının olmadığını görən Azərbaycana öz torpaqlarını işğalçılardan azad etməyə başlayandan  böyük təzyiq göstərirlər. Bütün bu təzyiqlərə baxmayaraq Azərbaycan öz haqlı mübarizəsini davam etdirir. Döyüş meydanında diz çökən Ermənistan elan olunan humanitar atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, yenə də  silahlanmaq   və yeni işğalçılıq siyasəti aparmaq istəyir. Son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir.   Atəşkəsi istəyənlər  Ermənistanı silahlanıdrmağı dayandırmalıdır. Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatların analoji sənədləri. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Bu  hüquqi baza imkan verir ki,  döyüş meydanında düşmənə dərs verək.  Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı.  Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq.   Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz.  Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
   Cənab Prezidentin Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi fikirlər həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb. Biz cənab Prezidentin söylədiyi kimi, cəsur, qorxmaz xalqıq. Biz bu zəfər yürüşündə sonadək gedəcək, bütün işğal altında olan torpaqlarımızı azad edəcəyik. Biz cənab Ali Baş Komandana inanırıq və dəstəkliyirik. Qarabağ Azərbaycandır.

Ülviyyə Bağırova
Şirvan Gənclər Evinin əməkdaşı

Keçidlər