Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli və ədaləti güc yolu ilə bərpa etməli idik.

30 oktyabr 2020 | 16:00

Fransanın “Figaro” qəzetinə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsinin əvvəlində vurğulayıb ki, sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma biz keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi.
Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər, deyən dövlət başçısı bildirib ki, beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Onlara ciddi cavab verildi.
   Cəbhədəki son vəziyyətə toxunan cənab İlham Əliyev diqqətə çatdırıb ki, toqquşmalar bir aydan azdır davam edir və uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik.
   Müsahibədə atəşkəs məsələsinə toxunan dövlət başçısı bildirib ki, Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.
   Jurnalistin müharibəyə Türkiyənin müdaxiləsi və əcnəbi döyüşçülərin döyüşlərə cəlb olunması ilə bağlı sualına cavab verən cənab Prezident vurğulayıb ki, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, bir feyk xəbərdir. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var.
Jurnalistin “Bu müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçi kimdir?” sualına dövlət başçısı bildirib ki, bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik.
   Müsahibədə Qarabağın gələcəyi ilə bağlı məsələyə münasibət bildirən cənab İlham Əliyev bildirib ki, biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünki XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Mənim planım bundan ibarətdir.
   Ermənilər Azərbaycan ərazisində yaşamaq üçün, həyatları üçün qorxurlar, deyən jurnalistə dövlət başçısı belə cavab verib: “Avropada Fransa və Almaniya arasında neçə dəfə müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya 40 milyon adamın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi var idi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var.

Barxudar Barxudarov

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru,
filologiya üzrə fəlsəfə doktoru

Keçidlər