Azərbaycan öz ərazilərinin terrorçu yuvasına çevrilməsi və zəbt olunması ilə heç vaxt barışa bilməz.
2020-ci il sentyabrın 27-də döyüşləri başlayan Azərbaycan olmamışdır. Hücuma başlayan Ermənistan olub, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Ermənistanın atəşkəsi pozaraq danışıqlar prosesinə zərbə vurmaq niyyətinə qiymət verməyib. Avqustdan başlayaraq yenidən mülkü şəxsləri qətlə yetirməklə və hərbi təxribatlara başlamaqla hələ 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin tələblərini yenidən kobud surətdə pozan terrorçu qruplaşmaya Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə uyğundur. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Vasitəçilərin də təsdiq etdiyi sülh planında göstərilir ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır. Bu ərazilərdən ermənilər çıxmalı və tarixi əzəli torpaqları Azərbaycana qaytarılmalıdır.
Prezident İlham Əliyev 26 oktyabr 2020-ci ildə ABŞ-ın “FoxNews” televiziya kanalına müsahibəsində mövcud həqiqətləri şərh edərkən bir daha bildirmişdir ki, “bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər qovulmuşdur”. Bu reallığın təsvir edilməsi Azərbaycanın tarixi əzəli torpağı olan Qarabağ bölgəsinin real mənzərəsini ifadə edir. Məlumdur ki, XX əsrin 90-cı illərində erməni separatçı qüvvələrinin Azərbaycanda yaranmış qeyri-sabit vəziyyətdən sui istifadəsi nəticəsində Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü uduzmuşdu. Bu zaman da Ermənistana açıq xarici dəstək verilirdi. Bu gün isə regionda sülhün bərqərar olması üçün Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə müəyyən olunan özünümüdafiə hüququnu təmin edir, beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Dövlət başçısının bildirdiyi kimi Dağlıq Qarabağda yaşayan ermənilərin isə vətəndaşlarımız kimi sülh şəraitində yaşamasına təminatlarımız olacaqdır. Azərbaycanın dövlət siyasəti bölgədə yalnız ədalətin və sülhün bərqərar edilməsini qarşıya qoymuşdur. Buna əngəl törədilməsi isə yalnız terrorizmə, işğalçının daha da qudurmasına rəvac verir. Məlumdur ki, oktyabrın 10-da Moskvada Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi. Yəni, Ermənistan açıqca dünyaya olan riyakarlığını bir daha nümayiş etdirdi. Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verib və atəşkəsi pozmağımız barədə isə heç kəsdə sübut yoxdur. Beləliklə Ermənistanın riyakar mövqeyini işğalçı ölkənin baş naziri “Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur” fikri ilə bir daha alt üst etdi. Halbuki Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Çox acı bir faktdır ki, Ermənistan tərəfinin bu öhdəlikdən yayınmasının məsuliyyəti onalara izah olunmur və himayədarları bunun məsuliyyətini onlara dərk etdirmirlər. Əksinə azğınlaşmış terrorçu qruplaşma dünyada analoqu olmayan cinayətlərə daha da sərt formada əl atır. Azərbaycan mülki şəxslərə və dini məkanlara hücum etmədiyi halda Şuşada kilsədə baş verənlərə siyasi don geydirərək Azərbaycanı günahlandırmağa cəhdlərin edilməsi də bu niyyətdən qaynaqlanır. Təbii ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və oraya hücumlar yalnız oktyabrın 9-dan əvvəl olub. Çünki hərbi bazalar, hərbi infrastruktur bu şəhərdə yerləşir və terrorçu qruplaşmaların idarə olunması buradan həyata keçirilir. İndiyədək Azərbaycanın məhv etdiyi bütün canlı qüvvə və texnika bilavasitə terrorçu qruplaşmaların üzərində həyata keçirilmişdir. Azərbaycan tərəfinin hərbi əməliyyatlarda üstünlüyünü qəbul edə bilməyən dövlətlər isə bir sıra dezinformasiyaların yayılmasına cəhdlər etmişlər. Hətta Azərbaycan tərəfində muzdluların döyüşdüyü kimi saxta məlumatlar yayımlanarkən, Rusiya və Fransa açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. İndiyədək ölkəmiz tərəfindən sübutlar, dəlillər tələb edilsə də nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmaması qərəzli yanaşmaları təsdiq edir.
Aydın məsələdir ki, burada da məkrli niyyət önə çıxıb. Hamının biləcəyi həqiqətlər daxilində anlamaq çətin deyil ki, Azərbaycan nizami ordusunda 100 min əsgər xidmət edir. Döyüş meydanında əsgərlərimizin mərdliyi göz önündədir. Azərbaycanın iqtisadi göstəriciləri dünyada ən yaxşılardan biridir. Ciddi sosial problem yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Azərbaycan 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərib. İqtisadiyyat sabitdir, davamlıdır. Bəşəriyyətə humanizm, sülh, mədəni inteqrasiya çağırışları edən Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin özlərinin bəşəriyyətə ləkə gətirməsinə isə obyektiv münasibətin olmaması terrorizm yuvalarının çoxalmasına şərait yaradır.
Təəssüfedici məqamlardan biri də odur ki, ABŞ ATƏT-in mandatına sahib olduğu, münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürdüyü, Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı halda Ermənistan dünyaya meydan oxuyaraq “diplomatik həll yoxdur” kimi bəyanatlar verir, bu bəyənatlara isə Azərbaycanın ABŞ-ın Dövlət Katibi Pompeodan eləcə də digər rəsmi şəxslərdən gözlədiyi münasibət bildirilmir. Deməli məntiqi düşüncə Azərbaycanın bütün addımlarının əsaslı düzgün olmasını sübut edir və Türkiyənin Azərbaycana siyasi dəstək verməsi, tərəfdaşıdır etməsi əslində problemin həll yolunda mühüm addım olduğunun sübuta ehtiyacı qalmır. Azərbaycanın 17 ildə danışıqlarda iştirakı da əslində münaqişənin diplomatik yolla həllinə olan iradəsinin ifadəsidir. Ölkəmiz Ermənistandan fərqli olaraq digər ölkələri hərbi münaqişəyə cəlb etməklə onun alovlanmasına təhrik etmir. Qarşı tərəfin heç bir iqtisadi infrastrukturuna zərbə vurmur. Münaqişənin həlli istiqamətində isə ABŞ da daxil olmaqla istənilən ölkənin ədalətə söykənən vasitəçilik missiyasını dəstəkləyir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. Azərbaycan öz ərazilərinin terrorçu yuvasına çevrilməsi və zəbt olunması ilə hec vaxt barışa bilməz.
Aynur Fərəliyeva,
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru