Haqq savaşımızda ləyaqət nümunəsi.
Prezident İlham Əliyevin Azərbaycan xalqına oktyabrın 26-da etdiyi müraciət dövlət başçısının öz xalqı ilə ən səmimi və ən dürüst ünsiyyət nümunəsidir. Bu müraciət bir daha onu sübut etdi ki, dövlətimizin başçısı xalqımızın düşüncə və arzularını, öz Prezidentindən hansı fikirləri eşitmək istədiyini, hansı addımları gözlədiyini dəqiqliklə bilir. Çünki Prezident xalqı ilə eyni düşüncədədir, onunla eyni niyyət və hədəfləri bölüşür, bunun üçün gərəkli olanları həyata keçirməkdə israrlıdır.
Bu müraciət həm də qətiyyətli siyasi iradənin, mərd azərbaycanlı xarakterinin nümayişi idi.
Prezident İlham Əliyev dünya ictimaiyyətinə, həmsədr dövlətlərin başçılarına, işğalçı Ermənistana və onun havadarlarına əyani şəkildə onu da göstərdi ki, Azərbaycanda hakimiyyətin mənbəyi həqiqətən Azərbaycan xalqıdır. Elə buna görə də, dövlətimizin başçısı inamlıdır, sözündə və əməlində qətiyyətlidir, hədəfinin haqlı olduğuna əmindir. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir.
Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür var.
Prezident Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib.
Prezidentimiz beynəlxalq ictimaiyyətə bu həqiqəti də çatdırdı ki, dünyanın nizamı dəyişdiyi kimi, bir çoxlarının indiyədək əməl etdiyi bəzi siyasi ənənə və davranış qaydasını da, istəyəndə, dəyişmək mümkündür. Böyük siyasətdə əsl qardaşlıq və səmimiyyət nümunəsi artıq mövcuddur. Prezident İlham Əliyevin müraciəti qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya dövlətlərinə xitabən səsləndirdiyi fikirlərlə bütün cəhət və çalarları, məzmun və hədəfləri, ilk növbədə, qətiyyət və əyilməzliyi ilə üst-üstə düşür, qardaşlıq vəhdəti təşkil edir.
Ali Baş Komandanın müraciəti onu da sübut etdi ki, ərazisi və əhalisinin sayı çox da böyük olmayan dövlətin başçısı yalnız öz xalqının iradəsinə söykənəndə, xalq da son nəfərinədək öz Prezidentinə yekdil dəstəyini ifadə edəndə, həmin siyasi lider dövlətinin müstəqilliyini və ərazi bütövlüyünün toxunulmazlığını dünya nəhənglərinin qarşısında da ürəklə qoruya bilir, dik duruşu ilə həm də xalqının əyilməzliyini ifadə edir.
Beləliklə, cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb. Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur.
Bu yazını Ulu Öndər Heydər Əliyevin sözləri ilə bitirmək istədim. Çünki əsl həqiqəti və bugünkü tarixi gerçəkliyi zamanında məhz o demişdi: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ələşrəf Hacıyev,
Şirvan Peşə Liseyinin direktor əvəzi