Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan öz haqq mübarizəsində sona qədər qərarlıdır.

30 oktyabr 2020 | 16:00

Sentyabrın 27-dən bu günə qədər davam edən qələbə dolu tarixi zəfər günlərimizdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr yaşadığımız qürur tariximizin özü qədər tarixidir. Azərbaycan Prezidenti öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi hərbi–siyasi müstəvidə ordumuzun və diplomatiyamızın yolunu açır, onun irəliyə doğru maneəsiz hərəkət etməsi üçün bu müqəddəs yolu bir növ hərbi-strateji və diplomatik minalardan, tələlərdən təmizləyir. Beləliklə, milli diplomatiya tariximizin yeni əsaslarını və strategiyasını müəyyən edir. Həm də bunu təkcə milli diplomatiya tariximizə yazılacaq üslub və tərzdə deyil, dünya diplomatiya tarixinə yazılacaq səviyyədə edir.
   Sonuncu belə nümunə Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə verdiyi müsahibədir. “Biz Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçib. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olub. Son üç ayda Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlardan danışan dövlətimizin başçısı deyib: “Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq”.
   Uzun illər ərzində sülh danışıqlarının prinsiplərinə sadiq qalaraq münaqişənin müzakirələr yolu ilə həllini tapacağını ümidlə gözləyən, amma Ermənistanın davamlı təxribatları ilə üzləşərək sonda problemin hərbi yolla aradan qaldırılmasına qərar verən Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olmasını bütün beynəlxalq platformalarda dəfələrlə dünyaya çatdırıb. Ölkə Prezidentimiz ortaya qoyduğu dəqiq faktlar və qətiyyətli mövqeyi ilə hər dəfə daha böyük lider olduğunu nümayiş etdirib, ermənilərin məkrli oyunlarına sərt və birmənalı mövqeyi ilə cavab verib. Azərbaycan Prezidenti çıxışlarında dönə-dönə Ermənistanın təcavüzkar siyasətinin Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük təhdid yaratdığını bildirib.
   Beləliklə, 24 oktyabr tarixində Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin ölkəmizin Ermənistanla davam edən hərbi münaqişəsi ilə bağlı Fransanın “Figaro” qəzeti ilə müsahibəsində fransız müxbirin və birmənalı olaraq qəzetin qərəzli mövqesi, təxribatçı sualları və tutarsız yanaşmalarını təhlil etdik. Sözsüz ki, daima öz müsahibələri, canlı debatları və çıxışları ilə səlis natiqlik bacarıqları və diplomatik səriştəsi ilə cənab Prezident İlham Əliyev fransız qəzetinin “təxribatı”nın qarşısını tam adekvat formada alaraq, ölkəmizin haqlı mövqeyini bir daha dünyaya nümayiş etdirmişdir".

Rəfiqə Rzayeva,
Şirvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru

Keçidlər