Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan haqq yolundadır.

30 oktyabr 2020 | 16:00

Azərbaycanın Qarabağdakı münaqişə ilə bağlı mövqeyi bundan ibarətdir ki, Ermənistan hərbi birləşmələri işğal etdiyi torpaqlarımızdan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Ölkəmizin mövqeyi beynəlxalq hüquqa əsaslanır və biz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edirik. Prezident İlham Əliyev bu günlərdə Fransanın “Figaro” qəzetinə və ABŞ-ın “Fox News” televiziyasına müsahibələrində də real həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı.
Dövlətimizin Başçısı həm xarici kütləvi informasiya vasitələrinə müsahibələrində, həm də oktyabrın 26-da Azərbaycan xalqına müraciətində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edib. Prezident İlham Əliyev qeyd etdiyi kimi, biz ədalətin bərpa olunmasını, işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını istəyirik. Artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılır. Azərbaycanın bu dövrdə danışıqlar prosesində iştirak etməsi və daim konstruktiv mövqe ortaya qoyması ölkəmizin və xalqımızın sülhə sadiqliyinin ifadəsidir. Azərbaycan həmişə birmənalı şəkildə bəyan edib ki, aparılan danışıqlar substantiv nəticələrə hesablanmalıdır. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, beynəlxalq birliyə etibar edib. Təəssüf ki, xalqımızın etibarından sui-istifadə olunub. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş əraziləri qeyd-şərtsiz azad etməsini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini faktiki olaraq pozub. Bu yaxınlarda isə Ermənistanın baş naziri Paşinyanın “münaqişənin diplomatik yolla həlli yoxdur” deməsi bir daha qarşı tərəfin təcavüzkar xislətinin göstəricidir.
   Dövlətimiz ərazi bütövlüyümüzün təmin olunmasında, vaxtilə işğala məruz qalan torpaqların geri qaytarılmasında prinspial yanaşmadan çıxış edir və buna tam haqqı var. Ermənistan isə yenə də humanitar atəşkəs razılaşmasını pozur. Əgər belə davam edərsə, düşmənə cavab vermək Azərbaycanın haqqıdır.
    Ermənistanın işğalçı dövlətdir və müharibəni də məhz o başladıb. Bu faktı beynəlxalq birlik də yaxşı bilir. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma aparıblar. Eyni zamanda, hər vəchlə torpaqlarımızdan azərbaycanlı izini silməyə çalışıblar. İşğalın davam etdiyi illərdə Azərbaycan təbiətinə ciddi ziyan vurulub, işlək müəssisələrin avadanlıqları sökülərək Ermənistana daşınıb. Erməni vandallarının maddi və mədəniyyət abidələrimizə sahib çıxmaq cəhdləri də heç bir çərçivəyə sığmır. Onlar öz xislətlərinə uyğun olaraq abidələrimizi özününküləşdirməyə çalışıblar, bu, mümkün olmadıqda isə onları dağıdıblar. İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıb və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıb. Bu günədək Azərbaycanın haqlı tələblərinə qarşı susqunluq nümayiş etdirənlər indi, sadəcə, atəşkəs təklif edirlər. Əslində isə müharibənin dayandırılması üçün sadə bir formul var. Bu da ondan ibarətdir ki, erməni silahlı qüvvələri işğal etdiyi torpaqlarımızdan çıxmalıdır. Belə olarsa, daha atəşkəsin pozulmasına da ehtiyac qalmayacaq. Çünki işğalçı qoşunlar torpaqlarımızda olmayacaq və problem sülh yolu ilə həll ediləcək. Azərbaycan Prezidenti də müsahibələrində qeyd edir ki, sülh danışıqlarına başlamaq və atəşkəsə tam əməl etmək üçün Ermənistan işğal altındakı torpaqlarımızdan çıxması barədə öhdəlik götürməlidir. Amma Ermənistan bunu demir. Eyni zamanda, bizi atəşkəsə və sülh danışıqlarının bərpasına çağıran Minsk qrupunun həmsədrləri Ermənistandan bunu tələb etmir. Görünən odur ki, onlar yenə də, sadəcə, atəşkəsin təmin olunması ilə münaqişənin həllinin qeyri-müəyyən vaxtadək uzanmasına maraqlıdırlar. Həmçinin Ermənistanın pulsuz silahla təmin edilməsi də açıq sual olaraq qalır. Prezident İlham Əliyev haqlı olaraq sual edir ki, iflas vəziyyətində olan Ermənistan bu silahları haradan alır? Bizi atəşkəsə çağıranlar onu niyə silahlandırır? Bu kimi suallar cavabsız qalır. Əslində isə hər şey aydındır. Ona görə də Azərbaycan öz haqq mübarizəsində sona qədər getməkdə qərarlıdır.

Aynurə Rzayeva
Şirvan şəhər 13 nömrəli tam orta məktəbin direktoru

Keçidlər