Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi və bunu uğurla edir.
Məlumdur ki, 2020-ci il sentyabrın 27-də Ermənistan bizə qarşı hərbi əməliyyata başlamışdır. İlk saatlardan mülki əhalini, uşaqları və qocaları hədəfə götürmüşdür. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Ermənistan hərbi qüvvələrinin əsas istəyi enerji infrastrukturlarımızı ələ keçirmək istəyidir. Məlumdur ki, Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri də bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etməkdir. Düşmənə ciddi cavab verildi. Respublikamız nəinki enerji üzrə, həm də beynəlxalq yükdaşımalar üzrə də regional mərkəzə çevrilmişdir. Azərbaycan Ordusu hər gün işğalçılara qarşı mübarizə apararaq şəhər və kəndlərimizi azad edir.
Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və qaçmaq məcburiyyətindədir. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Ermənilərin bəzi havadarları bizi atəşkəsə dəvət etdilər. Biz onlara bu fürsəti verdik. Lakin onlar hər dəfə atəşkəsi vicdansızcasına pozurlar. Biz doğma torpaqlarımızı azad edəcəyik. Heç kimə sirr deyil ki, Ermənistan hakim dairələri dezinformasiya yaymaqla məşğuldurlar. Guya bizə Türkiyə və Pakistan köməklik edir. Bütün bunlar ağ yalandır. Azərbaycan öz Ordusunun gücü və əhalisinin əzmi ilə torpaqlarını işğaldan azad edir. Oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum, Gəncə şəhərində insanların yaşadığı ərazini vurmaq, beynəlxalq terror əməlidir. Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü bu gün Bərdə şəhərinin ikinci dəfə atəşə tutulmasıdır. Bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşımalıdırlar. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri heç bir nəticə olmadan, yalandan vasitəçilik edirlər. Onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərmədilər. Buna görə Ermənistanın hərbi hücumlarından sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi və bunu uğurla edir. Azərbaycan dəfələrlə açıq şəkildə öz fikrini ifadə edib və Ermənistan hökumətinə müəyyən mesajlar vermişdi - Qarabağdan əl çəkin. Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanın əzəli, ən qədim tarixi torpağıdır. Çox təəssüflər olsun ki, Ermənistanın indiki hökuməti bunları dərk edə bilmədi və öz bildiyini etdi. Biz isə onların cavabını verdik və verəcəyik də. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla silahlanmışdır. Bizi dəstəkləyən dövlətlər vardır; Türkiyə, Pakistan, Ukrayna, Qaqauziya, Gürcüstan, İran, Belarus, Macarıstan, Qazaxıstan və Orta Asiyanın digər Türk Respublikaları, İsrail kimi dövlətlər bizim haqq işimizi müdafiə edirlər.
Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirib. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcəkdir.
İlk əvvəllər sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur.
2020-ci il Moskvada oktyabrın 10-da Xarici işlər nazirləri birgə bəyanət verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi. Daha sonra Mingəçevirə, daha digər şəhərlərimizə raket zərbələri endirildi. Hazırda da Azərbaycanın dinc əhalisi, şəhər və kəndləri yenidən atəşə tutulur. Hər dəfə atəşkəsi ermənilər pozur. Azərbaycanın atəşkəsi pozması barədə heç bir sübut yoxdur. Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan, beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edir.
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir.
Düşmənin təqribən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusu qüdrətinin göstəricisidir. Möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımların nəticəsidir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr yaşadığımız qürur tariximizin özü qədər tarixidir. Azərbaycan Prezidenti öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi hərbi–siyasi müstəvidə ordumuzun və diplomatiyamızın yolunu açır, onun irəliyə doğru maneəsiz hərəkət etməsi üçün bu müqəddəs yolu bir növ hərbi-strateji və diplomatik minalardan, tələlərdən təmizləyir.
Bir şeyi qeyd edim ki,1805-ci il may ayının 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Gülüstan(1813), Türkmənçay(1828) sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirilərək məskunlaşdırılmışlar. 70 illik sovet dövründə də ermənilər hər şeyə sahib olmuşlar. 1988-ci ildən başlayaraq onlar yenidən öz məkrli əməllərini həyata keçirib torpaqlarımıza göz dikdilər.
Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim Ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlarından azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır.
Artıq kifayətdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Belə bir məsəl var: “Azərbaycan cənnət ölkə, Qarabağ isə onun tacıdır”.
Arif Əliyev,
Şirvan şəhər 10 nömrəli tam orta məktəbin direktoru