Azərbaycan ordusunun şərtsiz üstünlüyü.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə bir neçə istiqamətdən hücumunun qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı. Son bir ayda Azərbaycan Silahlı qüvvələrinin uğurlu əks-hücum əməliyyatları nəticəsində 4 şəhər, 4 qəsəbə, 183 yaşayış məntəqəsi işğaldan azad olundu. Azərbaycan Ordusu bu qələbələri ilə gücünü, qüdrətini, malik olduğu imkanları dünyaya nümayiş etdirdi. Dövlətimizin ordu quruculuğu sahəsində davamlı addımlarının nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında 50-ci yerdə qərarlaşmışdır. Nizami Silahlı Qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərir. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə Sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir.
Hər zaman müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğu prosesinin uğurla getdiyini bildirir: «Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır.»
Bu qeyd etdiklərimiz 2020-ci ilin 27 sentyabr tarixinədək olan dövr üçün səslənən əminliklər, reallıqlardır. Son bir ayda isə Azərbaycan Ordusu yaradılan bu möhkəm bazaya əsaslanaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün böyük qətiyyət göstərir, hər gün cəbhə bölgəsindən gələn qələbə xəbərlərimiz Silahlı Qüvvələrimizin qəhrəmanlığı ilə bizi qürurlandırır.
Dövlətimizin başçısı İlham Əliyevin hər bir müsahibəsi, xalqa müraciətləri Qarabağ tarixinin, münaqişənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın İnterfaks agentliyinə müsahibəsi də bu baxımdan xüsusi diqqət çəkir. «Döyüş meydanında Ermənistanı məğlub etməyimiz hər halda onlardan ötrü ciddi siqnal olmalıdır ki, onlar daha imitasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə məsələnin konkret müzakirəsindən yaxa qurtara bilməzlər» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, danışıqlar prosesinə gəldikdə son bir ildə praktiki olaraq bu proses aparılmayıb.
Bunun da səbəbi məlumdur. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə münaqişənin həlli ilə bağlı «yeni» ideyalarla çıxış etsə də, çox keçmədi ki, əsl simasını ortaya qoydu. Danışıqlar formatının dəyişdirilməsi, qondarma «Dağlıq Qarabağ respublikası»nın danışıqlarda tərəf kimi iştirakı istiqamətində cəhdlər göstərməsi, «Qarabağ Ermənistandır» kimi sərsəm bəyanatları ilə problemin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq-aşkar büruzə verirdi. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan cəbhə xəttinin Tovuz istiqamətində hücuma keçməsi artıq işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planını ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın belə plan üzərində çalışdığını dünyaya bəyan etdi. Amma yenə də dünya öz ab-havasında davam etdi. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatın əsas mahiyyəti işğalçı dövlətin havadarlarına çox yaxşı bəlli olsa da, əvvəlki ənənələrinə uyğun olaraq baş verənləri görməzdən gəldilər.
Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müsahibəsində də danışıqlar prosesinin son bir ildə dayanmasını 1994-cü il atəşkəs anından sonra ilk dəfə olduğunu bildirmişdir. O vaxtdan bəri danışıqlar prosesi müxtəlif intensivliklə gedir, tərəflər baza prinsiplərinin bəndlərini razılaşdırırdılar. Bu prinsiplər Minsk qrupu, onun həmsədrləri tərəfindən təklif edilmiş və münaqişə tərəflərini razılaşdırmışdılar: «Amma Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra birinci ildə onlar bizə və bildiyimə görə vasitəçilərə də vədlər verirdilər, ikinci ildə isə artıq açıq şəkildə özlərinin əsl niyyətlərini nümayiş etdirdilər ki, onlar bircə qarış belə torpaq verməyəcəklər və üstəlik, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdilər. Yeri gəlmişkən, bu sözləri onların müdafiə naziri deyib. Hazırda o, müdafiə naziri kimi həm öz xalqının, həm də dünya ictimaiyyətinin nəzərində tamamilə hörmətdən düşüb. Mən təəccüblənirəm, necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib.»
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan Ordusunun qısa müddətdə uğurlu əməliyyatı, torpaqları işğaldan azad etməsi, ordumuzun peşəkarlığı, müasir hərb strategiyasının tətbiqi və dünya hərb tarixinə yenilik gətirməsi, əldə edilmiş uğurlarının əsasında Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində apardığı məqsədyönlü siyasəti dayanır.
Son bir ayda Ermənistan atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, azad edilmiş əraziləri yenidən işğal etməyə cəhd göstərir, prosesi qarşıdurmanın davamına doğru yönəldir. Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi budur – hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalı, ondan sonra siyasi nizamlama prosesinə keçmək olar.
Bu da reallıqdır ki, Ermənistanın əvvəlki rəhbərlərindən heç biri Azərbaycan xalqının ünvanına bu cür təhqiramiz çıxışları, cinayətkar Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inaqurasiya təşkil etməyi özünə rəva görmürdü. Onların heç biri Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanmır, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılmasını nümayiş etdirmirdi. Bu sıralamanı davam etdirə bilərik. Yəni, bu günün reallıqları baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir. Paşinyan gah ağrılı güzəştlərdən danışır, gah deyir ki, məsələnin diplomatik həlli yoxdur, sonra deyir ki, kompromisə getməyə hazırdır, daha sonra deyir ki, Qarabağı axıra qədər müdafiə edəcək, «Qarabağ Ermənistandır» və sair. Belə düşüncə sahibinin ölkəni uçuruma aparması təbii ki. qaçılmazdır. Bu gün döyüş meydanında erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilməyərək geri çəkilməsi, təqdim edilən videogörüntülərdə erməni əsgərinin baxımsızlıqdan, aclıqdan şikayətlənməsi, hətta ayağına geyiləcək ayaqqabısının olmaması diqqətdən kənarda qalmır. Bu, Ermənistan hakimiyyətinin ölkədə yaratdığı vəziyyətdir. Bir məqamı da qeyd etmək yerinə düşər ki, hazırda Ermənistan koronavirus infeksiyasına yoluxma sayına görə çox ağır vəziyyətdədir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, valideynlər uşaqlarının orduya getməməsi üçün rüşvət əsasında uşaqlara koronavirus xəstəliyinə yoluxması ilə bağlı saxta sənədlər alırlar.
İşğalçı Ermənistan hakimiyyətinin daxildəki bu kimi vəziyyətdən diqqəti yayındırmaq üçün təxribatlara əl atması günün reallıqları sırasındadır. Amma N.Paşinyan məsələnin bu tərəfini düşünməmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin gücü, qüdrəti qarşısında diz çökəcək.
Bu gün Ermənistana illərdir dəstək funksiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi, işğalçı dövlətə vaxt qazandırmaq üçün missiyasını regiona nəticəsiz səfərlərlə bitmiş hesab etməsinin əsl mahiyyəti üzə çıxır. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bildirmişdir ki, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması istiqamətində müəyyən cəhdlər etsə də, səmərəlilik, nəticəlilik baxımından özünü doğrultmadı. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi.
30 ilin reallıqları sırasında Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsinin təcavüzkarı daha da azğınlaşdırması xüsusi yer tutur. Ermənistana hansı sanksiyalar tətbiq edilə bilərdi? Cənab İlham Əliyev bildirmişdir ki, o sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Azərbaycan bu vəziyyətlə sonsuz barışa bilməzdi.
Azərbaycan Ordusu 30 gündə tarix yazdı. Hazırda hərbi əməliyyatlarda Ermənistan böyük miqdarda hərbçi və texnika itkisi verib. Məhv edilmiş hərbi texnikanın statistikası canlı itki haqqında da ciddi nəticə çıxarmağa əsas verir. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, Azərbaycan Ordusunun itkiləri minimaldır. Əldə olunmuş üç atəşkəs razılaşması Ermənistan tərəfindən pozulub, Azərbaycanın yaşayış məntəqələri raket atəşinə tutulub, dinc əhali qətlə yetirilib, vətəndaşların mülkiyyətinə, infrastruktura ciddi ziyan yetirilib. Bütün bunlar göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyində əxlaq normaları, şərəf, ləyaqət, heç bir qayda yoxdur.
Dövlətimizin başçısı İlham Əliyev 30 ilə yaxın dövrün reallıqlarını Rusiya auditoriyasına çatdıraraq bir daha bildirdi ki, hərbi-siyasi nizamlama yeganə mümkün yoldur: «Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin.»
Hüseyn İsmayılov,
Şirvan şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi