Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır.

31 oktyabr 2020 | 16:00

Biz 30 il ərzində əsas diqqətimizi ordumuzun müasirləşməsinə və yenidən qurulmasına vermişik. Məhz bunun nəticəsidir ki, bizim ordumuz ən müzəffər orduya çevrilibdir və bunu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir.Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Biz dəfələrlə elan etmişik ki, erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri  dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir və ona inamaq da çətinləşir.  Rəsmi İrəvanın apardığı bu siyasət heç də Ermənistana başucalığı gətirmir.
   Atəşkəsi üç dəfə pozan Paşinyan hökuməti təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi Azərbaycanın mülki əhalisi, uşaqlar və qocalardır. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır. Dinc şəhər və kəndlərə, məktəblərə  kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin əsl siması. Ermənistan həmişə və bütün dövrlərdə ona havadarlıq edən dövlətlərin arxasında gizlənir. Onların problemlərini həmişə başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Sanki digər dövlətlərin arxasında gizlənmək Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə-neçə müharibələrin baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmaqdadır. Dağlıq Qarabağ rejiminin “başçısı” üçün Şuşada inauqurasiyanın təşkil edilməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanmaq, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürmək  və bu cürə açıq təxribatlar törətməklə erməni hakimiyyəti Azərbaycan xalqının hisslərini təhqir etdi. Bunün üçün də hazırda cavab verir. Ermənistanın hazırkı baş naziri özünü təlxək kimi apararaq bütün dünyada erməniləri aşağıladı. Bunlar bax belə tayfadırlar.Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə,doğma  torpaqlarına  qayıtmalıdırlar.
    Artıq işğaldan azad edilmiş torpaqlarımızda dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılmışdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur və ola da bilməz. Əgər istəsələr Dağlıq Qarabağın erməni əhalisi azərbaycanlı əhali ilə  birgə yaşaya bilərlər. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtdıqdan sonra bizim vətəndaşlarımız olan erməni əhalisinin də mehriban şəraitdə bu torpaqlarda yaşamaq hüququnu təmin edə bilərik. Bütün dünyaya bəllidir ki, Azərbaycan tolerant ölkədir və bizim ölkəmizdə heç bir dini problemlər yoxdur. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar ortaya çıxarır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Biz Beynəlxalq təşkilatlardan münaqişənin həllinə öz töhfələrini verməyi gözləyirik. Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Münaqişənin həlli Cənubi Qafqazın inkişafına kömək olacaqdır. Azərbaycan hal -hazırda Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir və Azərbaycanın enerji imkanlarına təhlükə yaradan istənilən düşmən öz layiqli cavablarını alacaqlar. Müasir dövrdə Azərbaycan vətəndaşı olaraq istər ABŞ, istər Fransa, istərsədə Rusiya olsun ( ATƏT, Minsk qrupu) və istərsə də, dünya ölkələri; Türkiyə, Pakistan, İsrail və s. ölkələr Azərbaycan Respublikasının haqq işini dəstəkləməlidir. Bunu tarixi ədalət özü tələb edir. Heç kim müharibə olmasını istəməz və hamı bütün dünyamızda sülh istəməlidir. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli və biz azərbaycanlılar öz tarixi və dədə baba torpaqlarımıza qayıtmalıyıq.
   Biz azərbaycanlılar hamılıqla Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevə inanırıq və həmişə onu dəstəkləyirik. Var olun cənab Prezident,
   Ali Baş Komandanımız!


Əsədov Seyyub, 11 nömrəli tam orta məktəbin tarix müəllimi

Keçidlər