Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın siyasi iflası və bölgənin yeni konfiqurasiyası.

31 oktyabr 2020 | 16:00

Azərbaycan Ordusu döyüş meydanında öz şücaətini işğal edilmiş ərazilərimizin xeyli hissəsinin qısa müddətdə azad etməsi ilə sübut etdi. Güclü hərbi potensialımız əsasında formalaşan müzəffər Azərbaycan Ordusu təsadüfi deyil ki, dünyanın aparıcı 50 ordusu sırasında yer alıb. Bununla yanaşı nəzərə alınmalıdır ki, bu gün hərbi qələbələrimizlə yanaşı işğalçı Ermənistan siyasi-ideoloji müstəvidə də Azərbaycan diplomatiyası tərəfindən məğlub edilib. Ancaq Azərbaycan hümanist prinsiplərə  həmişə olduğu kimi yenə də sadiq qalaraq  Ermənistanın işğal edilmiş ərazilərimizin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən döyüşləri dayandırmağa hazır olduğunu yenə də təsdiq edir. Lakin atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə  vandalizm siyasətini növbəti dəfə  nümayiş etdirdi. Döyüş meydanında ağır zərbələr almış erməni hərbçiləri hədəf kimi mülki əhalini seçmiş və açıq aşkar terror cinayətləri ilə mövcud qanunlara məhəl qoymamışdır. Erməni faşizminin əsl simasını ifadə edən terrorçu qruplaşmanın cinayətləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çoxu isə yaralanıb. Bu cinayətlərə əl atan qruplaşma Ermənistanın dövlət siyasətinin simasını ifadə etməklə bütün dövrlərdə olduğu kimi  başqa ölkələrin arxasında gizlənməyi xilas yolu kimi seçmişlər. Ənənəvi ideologiyadan qaynaqlanan bu çirkin vərdiş təəssüflər olsun ki, hələ də dünyanın bəzi ölkələri tərəfindən alqışlanır. Bu himayədarlıq son 200 ildə  Qafqazda xalqların faciələrə dücar olmasının səbəbkarı kimi erməni sindromunu bərqərar etmişdir. Odur ki, Ermənistan bu cinayətlərin törədilməsinin davamı olaraq Paşinyan hakimiyyətinin ilk günündən daha da azğınlaşma yolunu tutmuşdur. Tarixi Azərbaycan şəhəri olan Şuşada inauqurasiyanın təşkil edilməsi, Cenevrə Konvensiyasını kobud şəkildə pozulması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması,“Dağlıq Qarabağ parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi kimi siyasi  avantüra xülyaları isə terrorçu rejimin arzusunu gözündə qoydu. Azərbaycan xalqı öz doğma torpaqlarının azadlığı uğrunda vətən müharibəsinə qalxaraq sübut etdi ki, Azərbaycanın bu məsələdə qarşısını alacaq hec bir qüvvə yoxdur. Bu torpaqların sahibi güclü dövlətçiliyə və hərbi qüdrətə mailkdir. Məlumdur ki, Azərbaycan həmişə  tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağda ermənilərin azərbaycanlılarla  birgəyaşayışı dövründə də bu amildən ermənilər xaincəsinə istifadə etməyə nail olub. Bir zamanlar Şərqi Anadoludan və İrandan köçürülən ermənilər özlərinə  “vətən axtarışı”nı da məhz  imperialist–şovinist qüvvələrin köməyi ilə tarixi Azərbaycan torpaqlarında reallaşdırdılar. Tarix sübut edir ki, erməni sindromunun acı nəticələri də bu amillərdən qaynaqlandı. Bu gün də beynəlxalq təşkilatların  münaqişənin həllinə  daha dəqiqi desək  Minsk qrupu, BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri  qərarların icra olunmaması onu göstərir ki, ənənəvi siyasət indiki şəraitdə  də davam edir. Halbuki, Azərbaycan dövləti dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını, hətta təcavüzkarın işğal olunmuş torpaqları tərk etməsi ücün hansı beynəlxalq prinsiplərin  tətbiq edilə biləcəyini anlaşıqlı olaraq bəyan etmişdir. Belə mövqe sülhə və regionda əməkdaşlığın sürətli inkişafına xidmət etməsi də tam əsaslandırılmışdır. Cünki, Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş verərsə, Ermənistanın ciddi beynəlxalq təzyiqlə üzləşməsi qaçılmazdır. Digər tərəfdən regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları formalaşıb. Bu amil isə özlüyündə tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından önəm daşıyır. Fikrimizcə Türkiyə ilə Rusiyanın səylərinin birləşdirilməsi ilə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması bu açıq görünən həqiqətlərdə ölkələrin inkişafı üçün önəmli məsələdir. Belə siyasi vəziyyətdə Rusiyanın terrorçu rejimi  müdafiə etməklə regional əməkdaşlığa zərbə vurmaq cəhdləri  isə hec bir ölkə ücün hansısa divident gətirə bilməz.
    Təbii ki, regiona sülhməramlıların göndərilməsi nizamlamanın müəyyən mərhələsində mövcud qanunlarla tənzimlənə bilər və burada Türkiyənin rolu istisna ola bilməz. Türkiyə təkcə regional problemlərlə bağlı deyil, həm də qlobal planda həlledici söz sahibidir. Bu gün istənilən dövlətin dərk edəcəyi  tarixi reallıq budur ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaqdır. Azərbaycanın qüdrətli siyasi lideri və xalq birliyi Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt buna imkan verilməyəcəyini və heç bir referendumun olmayacağını qəbul etdirib. Xalqların müqəddəratını təyin etməsi beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz.


Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru,  Aynur Fərzəliyeva.

Keçidlər