Şirvanda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam edir
Dünyada koronavirus infeksiyasına yoluxanların sayının kəskin artması, ölkəmizdə cəbhə boyu düşmənə qarşı aparılan hərbi əməliyyatlarla yanaşı, “gözəgörünməz virusa qarşı” mübarizə tədbirləri vətəndaşlarımızı daha məsuliyyətli olmağa məcbur etməlidir. Hər bir vətəndaş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl etməklə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına kömək etməlidir.
Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən şəhər ərazisində keçirilən reydlərin də məqsədi insanlar arasında sanitar-epidemioloji normalara əməl olunmasına nəzarət və maarifləndirmədir. Şirvan şəhərində koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin daha çox toplaşdığı yerlərdə, ticarət, ictimai-iaşə və xidmət obyektlərində, ictimai nəqliyyatda növbəti reydlər keçirilib. Gün ərzində ümumilikdə 168 olmaqla, şəhər ərazisində fəaliyyət göstərən 29 ictimai iaşə, 108 ticarət, 17 bərbərxana və gözəllik salonu, 14 digər xidmət obyektlərinə nəzarət edilib.
Reydlər zamanı sosial məsafənin saxlanılmasının, dezinfeksiyaedicidən və tibbi maskadan istifadənin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Vətəndaşlara izah olunub ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Qeyd edək ki, ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən bəzi rayonlarla yanaşı, Şirvan şəhərində də 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.