Şirvanda koronavirus əleyhinə profilaktik tədbirlər güçləndirilib.
Koronavirus infeksiyasına (COVID-19) yoluxma dinamikasının artması və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə Şirvan şəhər İcra Hakimiyyətində yaradılmış 35 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində və qəsəbələrdə izahetmə-xəbərdarlıq işləri davam etdirilir, əhalinin sıx olduğu məkanlarda, eləcə də ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinin yerinə yetirilməsi, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə mobil qruplar şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərinə növbəti reydlər keçirib. Ümumilikdə 165 olmaqla, 29 ictimai iaşə, 106 ticarət, 16 bərəbərxana və gözəllik salonu, 14 digər xidmət obyektlərinə nəzarət edilib.
Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyələr verilib.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara riayət eməyənlər barəsində inzibati qaydada tədbirlərin görüləcəyi ictimai-iaşə və ticarət obyektləri sahiblərinin nəzərinə çatdırılıb. Xüsusi olaraq qeyd olunub ki, şəhər ərazisində infeksiya əleyhinə bütün görülən tədbirlərin müsbət nəticə verməsi üçün vətəndaş məsuliyyəti mühüm əhəmiyyət kəsb edir.
Şirvan şəhəri ərazisində sanitariya-epidemioloji qaydalara riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.