Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub.

04 noyabr 2020 | 16:00

Azərbaycan Ordusu qələbə yürüşünü uğurla davam etdirir, yazdığı tarixin səhifələrini hər an daha da zənginləşdirir, işğalçı Ermənistana, ona havadarlıq edən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mümkünlüyünü nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabrdan bugünədək xarici mətbuata müsahibələri ilə Azərbaycanın informasiya müharibəsində də qalib tərəf olduğunu dünyaya çatdırır və bu reallığı təsdiqləyir ki, dünyadakı güclər nisbəti əvvəlki illərlə müqayisədə dəyişsə də, ölkəmizin strateji hədəfləri dəyişməz olaraq qalır. Müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etmək əsas məqsədlərimizdir. Cənab İlham Əliyev bu günlərdə Almaniyanın ARD televiziya kanalına müsahibəsində də bu hədəflərə diqqət yönəltməklə yanaşı, Ermənistana və onun havadarlarına tarix, hüquq, eyni zamanda, milli qürur dərsi keçdi.
    Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyaraq jurnalistin tarixdən xəbərsizliyini, qərəzliliyini faktlar əsasında cavablandırdı, Dağlıq Qarabağın resurslar deyil, milli qürur, ədalət, beynəlxalq hüquq məsələsi olduğunu ARD televiziya kanalı vasitəsilə dünya, o cümlədən Almaniya auditoriyasına çatdırdı. Müsahibədə diqqət çəkən məqam jurnalistin həqiqətləri öyrənməkdən daha çox təxribatçı və qərəzli suallarla fikri çaşdırmağa, Azərbaycanın nüfuzuna xələl gətirməyə, Ermənistanı müdafiə etməyə cəhd göstərməsi oldu. Gah Dağlıq Qarabağın Azərbaycan üçün önəmini malik olduğu resurslarla əlaqələndirməyə çalışdı, gah münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin nizamlanmasında maraqlı olmadıqlarını dövlətimizin başçısından eşitməyə səy göstərdi, gah Azərbaycanın müharibəyə guya demokratiya və insan hüquqları ilə bağlı mövcud vəziyyətdən diqqəti yayındırmaq, xalqı birləşdirmək məqsədilə başladığını iddia etdi, gah da Türkiyənin üçüncü tərəf kimi münaqişədə iştirakını sübut etmək məqsədini ortaya qoydu. Bütün bu cəhdlər fonunda möhtərəm Prezidentimiz natiqlik məharətinə, diplomatik təcrübəsinə, dünya miqyaslı siyasi lider obrazına, nitqinin məntiqi ardıcıllığına, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığına söykənərək bütün sualları səbir və təmkinlə cavablandırmaqla hər birimizi qürurlandırdı. Hətta bir neçə dəfə jurnalist müsahibəni aparan tərəfdən cavab verən tərəf mövqeyində çıxış etməyə məcbur edildi.
    Hazırda həm ölkə, həm də beynəlxalq ictimaiyyətin gördüyü yeganə reallıq budur ki, Azərbaycan Ordusu ədaləti bərpa edir, bu gün hərb meydanında düşmənə layiqli cavab verərək onu torpaqlarımızdan çıxarır. Əldə olunan uğurlar, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları ilə təmin olunur. Ölkəmizin iqtisadi imkanlarının artması fonunda ordu quruculuğu istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Cənab İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı. Möhkəm təməl üzərində inamla addımlayan Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu, dəyişməz mövqeyini bir daha nümayiş etdirir. Dövlətinin, xalqının gələcəyini düşünən liderə isə milyonların sevgisi şəksizdir. Bu gün işğaldan azad olunan torpaqlarımızda yeni həyatın başlanması dövlət-xalq-ordu birliyinin təcəssümüdür. Zəfər sənindir, Azərbaycan əsgəri! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Paşa Nəbiyev,
YAP Şirvan şəhər təşkilatının sədr əvəzi

Keçidlər