Şriftin ölçüsü :

Saytın rəngi :

Birliyimiz qələbənin əsasıdır-Qarabağ Azərbaycandır.

04 noyabr 2020 | 16:00

Bu gün ölkəmiz tarixi günlər yaşayır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı kəndbəkənd azad edir, qəhrəmanlıq tariximizə yeni səhifələr yazır. Azərbaycan sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarını uğurla davam etdirir, düşmənin hərbi texnikası və canlı qüvvəsi məhv edilir. Bütün bunların fonunda təbii olaraq dünyanın diqqəti Azərbaycandadır. Dünyanın məhşur telekanalları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən müsahibələr alır, Azərbaycan və Ermənistan arasında nə baş verdiyini onun özündən eşitmək istəyirlər. Azərbaycan  Prezidenti yüksək intellekti, peşəkar siyasətçiyə xas olan qətiyyətli, təmkinli, məntiqli cavabları ilə region həqiqətlərini dünyaya çatdırır.  Cənab Prezidentin çıxışlarından sonra hətta Azərbaycanı sevməyənlər belə artıq anlayırlar ki, ölkəmizin mübarizəsi həm tarixi, həm də beynəlxalq hüquq baxımından ədalətlidir. Azərbaycan müharibə aparmır, Azərbaycan işğal altında olan ərazilərini azad edir, öz ərazi bütövlüyünü bərpa edir.
    02 noyabr 2020-ci il tarixdə Cənab Prezident Almaniyanın ARD televiziya kanalına müsahibəsində Ordumuzun əks-hücum əməliyyatlarının başlamasının məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü faktlarla, ardıcıllıqla izah etdi,  28 il danışıqlar prosesinə sadiq qalan Azərbaycana başqa seçim buraxılmadığını bildirdi. 2020-ci ilin iyul ayından başlayaraq  üç dəfə təxribat törədən Ermənistan artıq danışıqların aparılmasının əhəmiyyətsiz olduğunu sübut etdi. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya atəşinə tutmuşdular. Və beləliklə Azərbaycan öz haqlı mübarizəsinə, əks hücum əməliyyatlarına başladı.  Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Biz öz tarixi torpaqlarımızı azad edirik. Şəhərlərimizi və kəndlərimizi bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan rəşadətli Azərbaycan Ordusunun döyüşçüləridir. Bugün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Hamı əsgərdi və hər kəs döyüşmək, torpaqları işğaldan azad etmək, lazım gəlsə şəhid olmağa hazırdır. Biz torpaqları azad etdikcə o ərazilərdə qurulmuş istehkam qurğuları görünür və bu istehkamlar sübut edir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar.  Təbii ki, nə qədər bu torpaqlardan çıxmaq istəməsə də bugün Azərbaycan Ordusu onların həm canlı qüvvəsini, həm də döyüş texnikasını məhv edir. Lakin maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır. Bu statistika da bütün dünya dövlətləri, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən gözardı edilir. Elə son 28 il ərzində olduğu kimi. Baxmayaraq ki, münaqişənin həlli üçün hüquqi çərçivə, beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eyni addımı atıb. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları da həmçinin. Lakin bu, kifayət etmir.  Çünki təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. Nüfuzlu beynəlxalq təşkilatlar özlərini ədalət, sülh tərəfdarı kimi göstərməyə çalışsalar da, reallıq budur ki, onlar Ermənistana dəstək göstərməkdə davam edirlər. ATƏT-in Minsk qrupunun 3 həmsədri bir neçə gün əvvəl 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir.  Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir. Bundan başqa bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmiş və həqiqətləri özləri görmüşlər. “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin istifadəsi qadağan olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqləmələri, bununla bağlı hesabat vermələri təqdirəlayiq haldır. Təqdirəlayiq olmayan hal isə ondan ibarətdir ki, elə sözügedən müsahibə zamanı diqqəti cəlb edən məqam ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə  qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçməsidir ki, bu da təbii olaraq onların mövqeyinin düzgün olmadığını, xristian təəssübkeşliyi çəkdiyini sübut edir.  Görünən odur ki, biz bütün dünya ilə savaşırıq. İstər döyüş meydanında, istər sosial şəbəkələrdə, istərsə də mediada. Artıq geriyə yol yoxdur. Düşmən havadarlarından dəstək almağa çalışsa da, Azərbaycan öz qərarını verdi və bu müharibə Qarabağ azad olunana qədər davam edəcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Biz öz torpağımız uğrunda vuruşur, şəhid veririk. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Əfqan Həsənov, 

Şirvan Gənclər Evinin direktoru

Keçidlər