Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan düşmənə yalnız döyüş meydanında cavab verir.

04 noyabr 2020 | 16:00

Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir.Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar. Hücuma başlayan Ermənistan olub, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi.
   Bir aydan çoxdur ki,  Azərbaycan Ordusunun haqq savaşı davam edir, torpaqlarımız erməni işğalçılarından təmizlənir. Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələr nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistan dəfələrlə həmsədr dövlətlərə yalvararaq atəşkəsə nail olmaq istəyib. Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirib. İlk olaraq oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə humanitar atəşkəsə razılıq verilib. Lakin Ermənistan riyakarlığını nümayiş etdirərək ilk andan bu razılaşmanı kobud şəkildə pozmuşdu. Belə ki, oktyabrın 11-də atəşkəs razılaşmasının hələ mürəkkəbi qurumamış döyüş əməliyyatları zonasından aralıda yerləşən şəhər və rayonlarımıza ballistik raketlər ataraq vəziyyəti daha da gərginləşdirən Ermənistan gücünü mülki əhaliyə göstərməyə başladı.
   Kriminal rejimin mülki əhalini hədəf alması düşmənin Gəncəyə ballistik raket atması ilə pik həddə çatdı. Tərtərdə dəfn mərasimində iştirak edən gözüyaşlı insanlara artilleriya atəşi açıb dərdlərinin üstünə dərd əlavə etmək müasir dünyanın gözü qarşısında törədilən daha bir müharibə cinayəti idi. Gəncə şəhərinə raket hücumu 10 nəfərin ölümünə, 34 nəfərin yaralanmasına səbəb oldu.
   Döyüş meydanında ağır itkilər verən Ermənistanın növbəti yalvarışından sonra ikinci dəfə oktyabrın 18-də humanitar atəşkəs elan edildi. Bu dəfə həmsədr ölkə olan Fransanın vasitəçiliyi ilə. Yenə də düşmən ilk dəqiqələrdən buna riayət etmədi. 18 oktyabr - humanitar atəşkəsin ilk günü: 00:00-dan etibarən Ermənistan mülki şəxslərə və yaşayış məntəqələrinə hücumlara başladı. Gəncəyə, Tərtərə, Ağdama, Goranboya, Xızıya və Ağcabədiyə mərmilər atıldı. Gəncə şəhərinə düşən mərmi daha 14 nəfərin həlak olması, 50-dən çox insanın yaralanması ilə nəticələndi.
   Oktyabrın 24-də ABŞ dövlət katibi Maykl Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçirdi. Bunun ardınca oktyabrın 25-də 3-cü humanitar atəşkəs elan edildi. Ancaq yenə də erməni məkri, erməni xisləti özünü göstərdi. Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi, bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutmaqda davam etdi.
    Məhz sentyabrın 27-dən oktyabrın 31-dək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu, əsl erməni vandalizminin göstəricisidir. Tarix boyu belə xain hücumlara məruz qalmışıq.
Bir sözlə, 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabrda Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozuldu. Bu, hər dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Görünür, Ermənistan baş nazirinin bəyan etdiyi kimi, bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalını davam etdirməkdir.
    Xalqa növbəti dəfə müraciətində Prezident İlham Əliyev bir daha bu məsələyə toxunaraq həm düşmənə, həm də həmsədr ölkələrə mesaj ünvanladı. Azərbaycanın hər zaman verdiyi sözü tutduğunu, illərdir məsələnin sülh yolu ilə həllinə razılaşdığını deyən İlham Əliyev vurğuladı ki, Ermənistan hər zaman danışıqlar prosesini pozmaqla vaxt udub. Ancaq bu dəfə vəziyyət tam başqadır. Əgər kimsə Qarabağda atəşkəsin bərqərar olmasını istəyirsə, işğalçıdan silahlı birləşmələrini Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir. "Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”, - deyə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
    Heç bir düşmən həmləsi və hiyləgərliyi mülki vətəndaşlarımızı çaşqın vəziyyətə salmayacaq və xalqımız Cənab Ali Baş Komandanımızın ətrafında daha sıx birləşərək, qələbə qazanacaqdır. Ermənistanın mülki əhalimizə qarşı cinayətkar terror hücumlarına Azərbaycan yalnız və yalnız döyüş meydanında layiqli şəkildə cavab verir və həlak olan mülki şəxslərimiz və şəhidlərimizin qisası alınır. Azərbaycan Ordusu Cənab Ali Baş Komandanın rəhbərliyi və liderliyi ilə, hərbi güc və potensialımızın möhkəmlənməsi uğrunda həyata keçirilmiş dövlət siyasətinin nəticəsində ən yüksək resurs və təminata malikdir və bu uğurlar Azərbaycan Ordusunun qələbəsinin təminatıdır! Azərbaycan Ordusu ən müasir silah və texnikalara sahibdir və döyüş meydanında heç bir kənar qüvvələrin təsiri olmadan zəfər çalır! Düşmən isə terrorçu qruplaşmaları ilə birgə, havadarlarının dəstəyinin olmasına baxmayaraq döyüş meydanında məğlubiyyətə düçar olur. Azərbaycan nəinki öz ərazi bütövlüyü uğrunda döyüşür,eyni zamanda regionda daimi sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq terrorizmlə mübarizə aparır. Azərbaycan dövləti məğlub edilməz və şanlı Azərbaycan Ordusunun yüksək döyüş əzmi və ruhu ilə regionda sülhün və sabitliyin təmin olunmasına nail olacaqdır.


    Qələbə Azərbaycanındır! Qarabağ Azərbaycandır!


Aynur Fərzəliyeva

Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direkoru

Keçidlər