Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.

05 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində müzəffər ordumuz ard-arda qələbələr qazanır. Artıq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrud qəsəbəsi, eləcə də neçə-neçə kəndlərimiz, bir çox strateji yüksəkliklər düşmən işğalından azad edilib. Ermənistanın 30 ilə yaxındır ki, işğal altında saxladığı torpaqlarımızın əhəmiyyətli bir hissəsində cəmi 30 gün ərzində işğala son qoyulması Azərbaycan Ordusunun qüdrətini və rəşadətini bütün dünyaya nümayiş etdirir. Cənab Ali Baş Komandan nəinki cəbhədə sevindirici xəbərlərlə, həm də beynəlxalq KİV rəhbərlərinə verdiyi səlis və qətiyyətli müsahibələri ilə işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır. Qərb jurnalistləri ilə müsahibələrdə Prezident tam bir master-klass keçir.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində xüsusilə vurğulayıb ki, atəşkəsin pozulması və sülh haqqında Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub.
   Bu ilin 3 ayı ərzində Azərbaycana qarşı 3 dəfə hərbi təxribat törədən Ermənistan birinci dəfə iyul ayının ortalarında Qarabağ bölgəsindən uzaqda olan Tovuz rayonu istiqamətində Ermənistan-Azərbaycan dövlət sərhədini ağır artilleriyalarla kobudcasına pozaraq, dinc və mülki əhalini, eləcə də sıravi əsgərimizdən generalımızadək terrora məruz qoyub. İkinci dəfə avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq Azərbaycana diversiya qrupu göndərib. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb və təxribatçı diversiya qrupunun Azərbaycana planlaşdırılmış terror aktları törətmək üçün gəldiyi müəyyən edilib. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilib, Ermənistan təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına məruz qoyub.
   Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək dinc sakinlərimizin qətlinə yönəlmiş yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması, düşmən ordusunun açıq-aşkar yeni ərazi iddialarının riyakar nümunəsidir. Azərbaycanın regionda və dünyada sürətlə artan nüfuzu, beynəlxalq təşkilatlarda həmsədrlik, söz haqqının olması, həyata keçirilən strateji layihələrlə ölkəmizin dünya iqtisadiyyatına verdiyi töhfələrin düşməndə qıcıq və qısqanclıq yaratması, özünün müqayisəolunmaz dərəcədə bütün sahələrdə geriləməsinin nəticəsidir.
   Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin - Gəncə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağcabədi, Yevlax, Beyləqan və Qəbələ kimi şəhər və rayonların mütəmadi olaraq ağır artilleriya və raket atəşinə məruz qalması bu aqressiyanın təsdiqidir. Son bir ayda  Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 91 mülki şəxs (o cümlədən uşaqlar və qadınlar) həlak olub, 404  nəfər yaralanıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.  Bütün bunlar işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını və humanitar prinsipləri, o cümlədən Cenevrə konvensiyasını pozmasını göstərir. Humanitar atəşkəs razılaşmalarını da Ermənistan 3 dəfə kobud şəkildə pozub və buna görə hər dəfə layiqli cəzasını alıb.
   Azərbaycanın məhv etdiyi və erməni ordusundan qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Büdcəsi 2 milyard dollardan az, xarici borcu isə 8 milyard dollar olan Ermənistan kimi kasıb ölkənin bu miqdarda silah-sursatı necə əldə etdiyi, xarici havadarlarına arxalandığı göz qabağındadır. Deməli, illərlə münaqişənin həllinin uzadılması, status-kvonun saxlanmasına cəhdlər əslində Ermənistan rəhbərliyinin işğalçılıq siyasətinin bəhrəsidir. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar.
   ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Ermənistanın işğala son qoyması və işğal olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəszlik Şurası 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əhəmiyyət vermədən Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü pozmaqda davam edir. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan müdafiə olunur, ədaləti güc yolu ilə bərpa edir və əslində BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir.
   Ermənistanın öz məğlubiyyəti ilə barışması,  bizim qələbəmizi qəbul etməsi, ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməsi müharibəni dayandırmağın yeganə yoludur. Ermənistanın Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə etnik təmizləməyə məruz qalan 750 min azərbaycanlının, o cümlədən öldürülən, girov götürülən, əlilliyə məruz qalan soydaşlarımızın pozulmuş hüquqları beynəlxalq hüquq müstəvilərində müdafiə olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsində vurğuladığı kimi, Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur  və beynəlxalq hüquq məsələsidir.


Samirə İsmayılova

Şirvan Şəhər İcra Hakimiyyəti
İctimai-siaysi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi

Keçidlər