Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda xüsusi karantin rejiminin qaydalarına uyğun gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.

05 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna  görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 1227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 59509 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 45697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13032 nəfərdir.
   Göründüyü kimi, təhlükəli virusa yoluxanların sayı sutka ərzində 1000-i keçir. Havaların soyuması, mövsümi kəskin respirator xəstəliklərin çoxalması, bəzi vətəndaşların məsuliyyətsiliyi ölkəmizi çətin sınaqlarla üzləşdirə bilər. Buna görə də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsilə şəhər ərazisində sakinlərin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatda, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda maarifləndirmə və  profilaktiki tədbirlərin görülməsi  məqsədilə mütəmadi olaraq reydlər həyata keçirilir. Gün ərzində ümumilikdə 166 olmaqla, 32 ictimai iaşə, 101 ticarət, 15 bərəbərxana və gözəllik salonu, 18 digər xidmət obyektlərinə nəzarət edilib. Reydlər zamanı bir neçə çay evinin fəaliyyəti dayandırılıb, mağazalara maskasız daxil olan alıcılara və buna biganə qalan obyekt əməkdaşlarına, ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlərə və sürücülərə ciddi xəbərdarlıq edilib.
  Obyekt sahiblərinə və vətəndaşlara izah olunub ki, ölkəmizin iki cəbhədə-həm torpaqlarımızın düşməndən azad olunması uğrunda, həm də artmaqda olan COVİD-19 infeksiyası ilə mübarizə apardığı bir vaxtda qaydalara əməl etməli, birlik nümayiş etdirməliyik. Hər birimiz mövcud infeksiya ilə mübarizə aparmalı, sosial məsafə saxlamalı, gigiyenik vasitələrdən, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərində kütləviliyin qarşısını almalı və bununla da vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Qeyd edilmişdir ki, arxa cəbhədə infeksiyaya qarşı birlikdə mübarizə aparmaqla virusa qalib gələ və Ordumuza dəstək nümayiş etdirmiş olarıq.
Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
  Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

 

Keçidlər