Şriftin ölçüsü :

Saytın rəngi :

6 noyabr-Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır.

06 noyabr 2020 | 16:00

“Danışır Bakı!”

   94 il əvvəl tarixin bu günü ölkə paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə ətrafa yayılan bu səs Azərbaycan xalqının siyasi və mədəni həyatında yeni bir mərhələnin başlanğıcı idi. 1926-cı ilin 6 noyabrında Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlandı. Həmin vaxtdan bu  tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilirdi. Azərbaycan Televiziyası yaranandan sonra isə 6 noyabr təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunur.
   Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olub.1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilib. Bu dövrdə şair Hüseyn Natiq, həkim Səməd Səmədov, hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışıblar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi diktorlar yetişiblər.
İlk dövrdə Bakı studiyası indiki Istiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş Ismailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi. Proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü. Əvvəlcə Bakı studiyası öz verilişlərini bir saat ərzində yayırdı, bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatmışdı. Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi. Studiyadan əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları, qurultaylar, konsert proqramları, xanəndələrin çıxışları, elanlar səslənir, ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr radio verilişlərində öz əksini tapırdı. Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı. Həftədə bir dəfə axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər. Efirdə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Yeni həyat uğrunda", "Radio saatı" kimi verilişlər səsləndirilirdi.
   1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun Əsasnaməsini təsdiq etdi. 1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşdı, efirdə patefondan istifadə edilməyə başlanıldı, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirildi. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verildi. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər baş verdi.1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunduqdan sonra Azərbaycan radiosunun verilişləri onun bəstələdiyi məhşur "RV-8" radio marşı ilə açılırdı.
Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafında, ədəbi dilin təkmilləşdirilməsində, nitq mədəniyyətinin formalaşdırılmasında Azərbaycan radiosunun xidmətləri danılmazdır. Bir anlıq düşünəndə ki, bu radioda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Bülbül, Mustafa Mərdanov kimi böyük sənət korifeyləri çalışıblar - bu məkanı sənət məbədi adlandırmamaq olmur. Təkcə belə bir faktı qeyd etmək yerinə düşər ki, ilk dəfə olaraq notlu "Şərq alətləri orkestri" bu radioda yaradılıb. Niyazi, Səid Rüstəmov, Fikrət Əmirov, Cahangir Cahangirov kimi böyük sənətkarların yeni əsərlərini geniş dinləyici auditoriyasına məhz bu radio çatdırıb. Bu radio bir xalqın musiqi zövqünün formalaşmasında sözün əsl mənasında ölçüyəgəlməz əmək sərf edib. Radioda ədəbi-bədii verilişlərin bünövrəsi Məmməd Səid Ordubadi tərəfindən qoyulub. Mustafa Mərdanovun yaratdığı "Radioteatr"da Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Sidqi Ruhulla, Fatma Qədri kimi Azərbaycan səhnəsinin ustad sənətkarları çalışıblar.
   Azərbaycan radiosu Vətənin ən ağır günlərində Azərbaycanın ucalan səsi, fəryadı olub. II Dünya müharibəsi ərəfəsində radioda əsas ağırlıq isə "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü: mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək Azərbaycan dilində səsləndirilirdi. Ağır müharibə dövrünün ən sevilən verilişi "Azərbaycan – cəbhə üçün" idi. Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi. Radio jurnalistləri təkcə xəbərlər və dramatik boyalı verilişlər deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən gücləndirən proqramlar hazırlayırdılar. Müharibə zonasında Azərbaycan əsgərləri ilə tez-tez görüşlər keçirən S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.Ibrahimov, M.Hüseyn, Ə.Vəliyev, M.C.Paşayev və digər yazıçı və şairlər radioda odlu-alovlu çıxış edirdilər. Vətənpərvərlik mövzularında yazılmış pyeslər, tematik yazılar dinləyicilərin diqqətinə çatdırılırdı.
   1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio da televiziya kimi Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, Azərbaycan radiosunun əməkdaşları da efirdən uzaqlaşdırıldı. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Lakin həmin faciəli günlərdə Azərbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi. Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və rus dillərində bəyanatlarla birbaşa efirdə çıxış etdi. O, tökülən günahsız qanlar üçün bütün məsuliyyətin SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşdüyünü bəyan etdi. Bakıdakı hərbi komendatlıq Beynəlxalq radionun dalğalara malik olmasını tamam unutmuşdu.
   Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan radiosunun da rəqabət şəraitində çalışmasına, dinləyici auditoriyasının parçalanmasına gətirib çıxardı. Lakin özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi nümayiş etdirməsi fonunda Azərbaycan radiosu mühafizəkar ənənələrin daşıyıcısı kimi görünsə də, onun bu illərdə ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsi amilini inkar etmək də mümkün deyil.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə onun siyasi iradəsi və böyük səyləri nəticəsində söz və məlumat azadlığını məhdudlaşdlran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Bu siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidentinin cənab İlham Əliyev, Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyeva kütləvi informasiya vasitələrinin bütün sahələrinə olduğu kimi radionun da inkişafına, maddi texniki bazasının yaxşılaşdırılmasına və radio işçilərinin sosial vəziyyətinin yüksəldilməsinə, radio və televiziyanın yubiley tədbirlərinin dövlət səviyyəsində qeyd olunmasına diqqət göstərir.
   Azərbaycan radiosu xalqımızın çox böyük mənəvi sərvətinin - səslər xəzinəsinin sahibidir. Təsadüfi deyil ki, radionun "Qızıl fondu"nda 100 mindən artıq musiqi və digər sənət inciləri var. İndi Azərbaycan radiosunun səsi dünyanın istənilən məmləkətindən gəlir. İlk verilişlərinin efir həcmi gündə 1 saat idisə, bu gün Azərbaycan radiosu üçün saat məhdudiyyəti yoxdur.
Ölkəmizin iki cəbhədə mübarizə apardığı belə bir vaxtda radio işçilərinin də üzərinə böyük məsuliyyət düşür. Vətəndaşlarımızın virusdan qorunmaq üçün maarifləndirilməsində, döyüş ruhunun yüksəlməsində, bir yumruq kimi birləşməsində radionun da xüsusi yeri var.
   Radio və televiziya işçilərini peşə bayramı münasibətilə təbrik edirik, onlara cətin və şərəfli işlərində uğurlar arzulayırıq.

Keçidlər