Koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar Şirvan şəhərində maarifləndirici-profilaktik tədbirlər gücləndirilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 60873 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 46465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib, aktiv xəstə sayı 13614 nəfərdir.
Ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayının kəskin artması, havaların soyumas ilə əlaqədar mövsümi kəskin respirator xəstəliklərin çoxalması, ölkəmizdə cəbhə boyu düşmənə qarşı aparılan hərbi əməliyyatlarla yanaşı, “gözəgörünməz virusa qarşı” mübarizə tədbirləri vətəndaşlarımızı daha məsuliyyətli olmağa məcbur etməlidir. Hər bir vətəndaş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl etməklə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına kömək etməlidir.
Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən şəhər ərazisində keçirilən reydlərin də məqsədi insanlar arasında sanitar-epidemioloji normalara əməl olunmasına nəzarət və maarifləndirmədir. Şirvan şəhərində koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin daha çox toplaşdığı yerlərdə, ticarət, ictimai-iaşə və xidmət obyektlərində, ictimai nəqliyyatda növbəti reydlər keçirilib. Gün ərzində ümumilikdə 161 olmaqla, şəhər ərazisində fəaliyyət göstərən 28 ictimai iaşə, 103 ticarət, 16 bərbərxana və gözəllik salonu, 14 digər xidmət obyektlərinə nəzarət edilib.
Reydlər zamanı sosial məsafənin saxlanılmasının, dezinfeksiyaedicidən və tibbi maskadan istifadənin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Vətəndaşlara izah olunub ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.