Şirvanlılar Şuşanın işğaldan azad olunmasını coşqu ilə qeyd ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 noyabr tarixində Şəhidlər Xiyabanından xalqa müraciətində Azərbaycan ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad edildiyini böyük fəxarət və qürur hissi ilə bəyan edib və bu münasibətlə xalqımızı və xüsusən şuşalıları təbrik edib.
Azərbaycan xalqının 28 il həsrətində olduğu doğma diyarı Şuşa şəhərinin işğaldan azad olunması haqqında şad xəbər respublikamızın bütün regionlarında olduğu kimi Şirvan şəhərində də sevinclə qarşılanıb.
Şirvanlılar şəhərin mərkəzi küçələrində Şuşanın işğaldan azad olunmasını böyük cöşğu və fəxarət hissi ilə qeyd ediblər. Əllərində üçrəngli Azərbaycan bayraqları ilə küçələrə axışaraq “Qarabağ bizimdir, bizim olacaq”, “Yaşasın Ali Baş Komandan”, “Eşq olsun Azərbaycan ordusuna”, “Qarabağ Azərbaycandır” şüarları səsləndiriblər. Üçrəngli bayraqlarla bəzənmiş binalar, avtomobillər, obyektlər xalqımızın birliyindən, qələbə istəyindən xəbər verib. Ulu öndər Heydər Əliyevin abidəsi önündən başlayan yürüş böyük izdihamla Şəhidlər Xiyabanını, Heydər Əliyev prospektini, F.Eynullayev küçələrini əhatə edərək, sonda Ulu öndərin abidəsi önündə davam edib. Mikrafonla qələbəmizi əks etdirən şüarlar səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi böyük ehtiramla yad edilib. Şirvanlılar Ali Baş Komandana və Azərbaycan ordusuna minnətdarlığını bildirib. Bir-birinə gözaydınlığı verən insanlar sevinc göz yaşlarını saxlaya bilməyib. Vətən sevgisi və qələbə sevinci uşaqdan qocaya hər kəsdə coğqu yaradıb.
İşğal altında olan digər torpaqlarımızın da azad olunması arzusu ilə yürüş-aksiya atəşfəşanlıqla başa çatıb.