Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.

09 noyabr 2020 | 16:00

Bayraq hər bir dövlətin əsas atributu, milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Bayraq sevgisi vətən sevgisidir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur.
   İlk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (indiki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yerləşdiyi binada) üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağın təsdiq edilməsi haqqında qəbul edilib və binanın üzərinə qaldırılıb.
   Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və müstəqilliyin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi.
   Bir kərə yüksələn üçrəngli bayraq bir də 70 il sonra yüksəklərə qaldırıldı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.
  Ulu Öndərin siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla 9 noyabr Azıərbaycan Respublikasının Dövlət Bayrağı Günü təsis edildi.
   2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və ehtiramın göstəricisidir.
   Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Bu gün dövlət bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, respublikamızı başqa ölkələrdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır.
   Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanın atdığı növbəti qanlı təxribata rəşadətli ordumuz tərəfindən layiqli cavab verildi və verilməkdə davam edir. 30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri altında Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. Hal-hazırda Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalanır. Azərbaycan üçrəngli bayraqlarla bəzənib. Hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayır.
   Azərbaycanın şanlı ordusu yeni tarix yazır. Şanlı Azərbaycan Ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş doğma ərazilərimizdə - Füzuli, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində və nəhayət 8 noyabrda işğaldan azad edilən Şuşa şəhərində qürurla dalğalanmaqdadır. İşğal altında qalan digər doğma ərazilərin də düşmən tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatları əzmkarlıqla davam etdirilir və bu yaxın vaxtlarda böyük qələbəylə başa çatdırılacaqdır! Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Xankəndinə, Laçına, Kəlbəcərə və digər işğal azad ediləcək torpaqlarımıza sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı əmindir.
   Azərbaycan Respuyblikasının Prezidenti cənab İlham Əliyevin bayrağımız haqqında dediyi fikirlər hər bir azərbaycanlıda qürur hissi doğurur və inam yaradır: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!".

Keçidlər