Şirvanda "Hərəyə bir bayraq” adlı şəhər tədbiri keçirildi.
9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Şirvan şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının və şəhər Gənclər və İdman İdarəsinin birgə təkilatçılığı ilə "Hərəyə bir bayraq” adlı təbliğat aksiyası keçirilib. Aksiyada şəhər gəncləri, Sirvan Gənclər Evinin və Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri iştirak edib.
Heydər Əliyev adına meydana toplaşan gənclər daha sonra qruplar halında şəhərin müxtəlif yerlərində, küçələrdə, park və xiyabanlarda sakinlərə yaxınlaşaraq Bayraq Günü və işğaldan azad olunan Şuşa şəhəri haqqında məlumatlar veriblər. Gənclər şəhər sakinlərinin bayramlarını təbrik edərək onlara dövlət bayraqlarını təqdim edib, balacaların üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkiblər. Daha sonra tədbir iştirakçıları Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasının qarşısına toplaşaraq bayram tədbirində iştirak ediblər. Bayraq Günü və Şuşanın işğaldan azad olunması ilə əlaqədar çıxış edən gənclər süarlar səsləndiriblər.
Aksiya Bayraq Meydanına yürüşlə davam etdirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov regional təşkilatların və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmiş, daha sonra Bayraq meydanına gələrək orada toplaşanları torpaqlarımızın, xüsusilə Qarabağın tacı Şuşa şəhərinin işğaldan azad olunması və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. İcra Hakimiyyətinin başçısı düşmən işğalı altında olan torpaqlarımızı geri qaytarmaqla xalqımıza sevinc və qürur hisslərini yaşadan ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Tədbir “Qarabağ Azəbaycandır!” şüarı ilə başa çatıb.