Şirvanlılar böyük izdihamla Qələbəni qeyd edir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamlarını, silahlı qüvvələrini darmadağın etdi, uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatla Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı.
Və o möhtəşəm gün! Qələbə! Qarabağ artıq Azərbaycanındır!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan ordusunun qələbə qazanması münasibətilə geçə saatlarında xalqa müraciətini bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları coşqu və fərəh hissi ilə qarşıladı. Respublikamızın bütün regionlarında böyükdən kiçiyə hər kəs küçələrə axışdı. Gecədən davam edən izdihamlı yürüş hazırda bütün ölkəni bürüyüb.
Şirvan şəhər sakinləri Ulu Öndər Heydər Əliyevin abidəsi önündən başlayaraq bütün küçə və məhəllələrə toplaşaraq sevinc və qürur hisslərini paylaşırlar. Bəlkə heç vaxt şəhərimiz bu qədər üçrəngli bayrağımıza bürünməmişdir. Binalar, avtomobillər, obyektlər üçrəngli bayraqlarla bəzədilmişdir. Hər kəs əlində və ya çiynində milli bayrağımızla izdihama qoşularaq “Yaşasın Ali Baş Komandan”, “Eşq olsun Azərbaycan ordusuna”, “Qarabağ Azərbaycandır” şüarları səsləndirirlər. İnsanlar bir-birini təbrik edir, gözaydınlığı verir, sevinc göz yaşlarını saxlaya bilmirlər. Qələbə hissinin yaratdığı duyğuları bir-birilə paylaşan şirvanlılar, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini böyük ehtiramla yad edir, qələbə sevincini yaşatdığına görə Ali Baş Komandana və müzəffər Azərbaycan ordusuna minnətdarlıqlarını bildirirlər.
30 ilin həsrəti nəhayət başa çatdı, müharibə bitdi. Qələbə bizimdir!
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər hər bir azərbaycanlının uzun illər qulaqlarında səslənəcək: “Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz”.
Eşq olsun Azərbaycan Ordusuna!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan xalqı!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!