Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus infeksiyasına qarşı reydlər davam edir.

12 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının qarşısını almaq və işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü başa çatdı. Respublikamızın bütün regionlarında insanlar küçə və meydanlara toplaşaraq qələbəni bayram əhval-ruhiyyəsində qeyd etdilər. Lakin iki təhlükəli virusa qarşı mübarizə apardığımızı unutmamalıyıq. Ordumuz erməni soysuzlarını darmadağın etsə də, koronavirus (COVİD-19) infeksiyası hələki insanlar arasında sürətlə yoluxmaqda davam edir.
   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna  görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 1202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 68594 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 51007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 16702 nəfərdir.
   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən şəhər ərazisində keçirilən reydlərin də məqsədi insanlar arasında sanitar-epidemioloji normalara əməl olunmasına nəzarət və maarifləndirmədir. Növbəti reydlər zamanı gün ərzində ümumilikdə 162 olmaqla, şəhər ərazisində fəaliyyət göstərən 28 ictimai iaşə, 103 ticarət, 14 bərbərxana və gözəllik salonu, 17 digər xidmət obyektlərinə nəzarət edilib.
   Obyekt sahiblərinə və vətəndaşlara izah olunub ki, hər birimiz mövcud infeksiya ilə mübarizə aparmalı, sosial məsafə saxlamalı, gigiyenik vasitələrdən, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərində kütləviliyin qarşısını almalı və bununla da vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.
   Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
   Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

Keçidlər