Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi ədaləti bərpa edən zəfər yürüşü

12 noyabr 2020 | 16:00

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan hərbi terrorçu qruplaşmalarının təxribatına qarşı olaraq aparılan  Vətən müharibəsi müzəffər Azərbaycan Ordusunun ardıcıl qələbələri ilə tarixə düşdü. Bu müharibənin həlledici mərhələsi isə 8 noyabr 2020-ci il tarixdə mədəni- mənəvi irsimizin incisi olan Şuşa şəhərinin azad edilməsi oldu. İyirmi səkkiz il yarım erməni vandalizminin əsarəti altında qalan Şuşa şəhərinin azad edilməsinin siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi əhəmiyyəti vardır. Düşmənin bu tarixi məkanda zəngin irsimizi məhv edərək tarixdən silmək kimi çirkin cəhdləri, terrorçu dəstə başçısının  özünə andiçmə mərasimini  keçirdiyi məkana çevirməsi, onların acı sonluğunu yaxınlaşdırdı. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin tarixi kəlamı ilə desək  “Ermənistan baş nazirinin üstəlik orada gedib iştirak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq”! Bəli, Şuşanın düşmən tapdağından azad olunması ilə şəhidlərimizin intiqamı alındı, Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. Azərbaycan xalqının vahid milli iradəsi, öz liderinin ətrafında birləşməsi ilə haqq ədalət uğrunda mübarizəyə qalxması qələbəni demək olar ki, hər an yaxınlaşdıran səbəb idi. Milli iftixar hissi ilə deməliyik ki, siyasi qələbənin qazanılmasında hərbi qələbələrimizin müstəsna rolu olmuşdur. 10 noyabr 2020-ci il tarixdə Ermənistanı təslim olmağa məcbur edən amillər məhz müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməzliyi, xalq-lider birliyinin isə mütəşəkkilliyi, vahid milli amala xidmət etməsi oldu. İllərlə ölkəmizdə aparılan ordu quruculuğu, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə tənzimlənməsi, beynəlxalq arenadakı milli maraqları qoruyan diplomatik fəaliyyət kompleks şəkildə qələbəmizi şərtləndirdi.
   Bu prosesdə vacib olan iqtisadi güc anlayışı öz təməlini neft strategiyasında cəmləşdirərək Ulu Öndər Heydər Əliyevin güclü dövlətçilik strategiyası əsasında Azərbaycanın dünyanın lider ölkəsinə çevrilməsini təmin etdi. İqtisadi cəhətdən heç bir ölkədən, beynəlxalq maliyyə qurumundan asılı olmayan ölkəmiz güclü ordu quruculuğunu həyata keçirdi. Bu siyasət bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycanın transmilli layihələr ilə regionda aparıcı ölkəyə çevrilməsinə zəmin yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Region və dünya ölkələrinə agah oldu ki, Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin inkişaf və əməkdaşlığı üçün mühüm zəmin yaradır. Bu tarixi zaman həm də onunla əlamətdardır ki, Azərbaycan illərlədir demək olar ki,  bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlər qəbuluna nail oldu və  münaqişənin  bütün vasitələrlə gələcək həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
   Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bəzi mənfur xarici dairələrə Azərbaycanda öz çirkin planlarını   həyata keçirməyə imkan vermədilər. Azərbaycan xalqının yumruq kimi birləşməsi  göstərdi ki, dövlətçiliyin təməl prinsipləri ümummilli vəzifədir. Bu prinsiplərin siyasi lider tərəfindən düzgün tətbiqi qələbənin təminatçısıdır. Ermənistan üzərində tarixi qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi rol oynamışıdır. Bütün təzyiqlərə baxmayaraq Ermənistanın üzərində qələbənin Azərbaycan dövləti üçün tarixi əhəmiyyəti  məhz Ali Baş Komandanın müdrik, siyasi iradəsinin gücü ilə mümkün olmuşdur. Bu tarixi sənədin üstünlükləri tam qələbəni onunla izah edir ki,
-Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsini müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı;
- Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır;
- Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir;
- Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi;
-Bəyanat uzun illər davam edən işğala son qoyur;
-Bəyanatda  Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir;
-Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir;
- İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq;
- Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb);
- Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək.Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır;
- Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir;
- Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur;
Qələbə Azərbaycan xalqının daxili təlabatıdır.
   Vətən müharibəsində milli iradə göstədi ki, Azərbaycan xalqının səbri ilə oynayan hər kəsin aqibəti ermənistan kimi olacaq. Gündə yüzlərlə mərmi düşən Tərtər rayonunda bir nəfər də  yurd yuvasını tərk etmədi. Azərbaycan xalqının birliyi  nə qədər böyük xalq, yenilməz xalq olduğunu bir daha sübut etdi. Bu öz siyasi gücünü ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların cəsarətində göstərdi. Onlar da düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu  böyük sərvətimizdir, böyük dəyərimizdir. Bu sərvəti ərazi bütövlüyümüzün təmin olunmasında görən qəhrəman xalqımız  bir ağızdan deyir: Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir.
  Yaşasın Qəhrəman Azərbaycan xalqı!!!
  Yaşasın müdrik Ali Baş Komandan !!!.

Aynur Fərzəliyeva
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru

Keçidlər