Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix yazan Komandan

12 noyabr 2020 | 16:00

   Noyabrın 10-u xalqımız və dövlətimiz üçün tarixi bir gündür. Ermənistanın Azərbaycana qarşı 28 ildir davam edən hərbi təcavüzünə, 28 illik işğala son qoyuldu. Tarixi ədalət öz yerini tapdı. Xalqımızın 28 illik Qarabağ həsrəti sona çatdı. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuzun müzəffər yürüşü düşmənə göz dağı çəkdirdi. 40 gündən bir az çox davam edən döyüşlərdə şanlı ordumuz parlaq qələbələrlə xalqımıza sevinc, düşmənə isə rüsvayçı məğlubiyyətin acı taleyini yaşatdı. Bəli bu gün bütün dünya ordumuzun gücünə, xalqımızın birliyinə şahidlik edir. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl abu-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Ən mühüm məqamlardan biri də milli məsələlərdə xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi ilə bağlıdır. Azərbaycan xalqı bütünlüklə Ali Baş Komandanın ətrafında sıx yumruq kimi birləşərək dövlətimizə və ordumuza həmrəylik nümayiş etdirdi. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Burada Ali Baş Komandanın möhkəm iradəsi öz sözünü dedi. İlham Əliyev döyüş meydanında olduğu qədər arxa cəbhədə də mənfur düşmənin dəyirmanına su tökənləri susdurmağı bacardı. Bəli, bütün bunlar Azərbaycan dövlətinin gücünün, ordumuzun yenilməzliyinin, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin bariz nümunəsidir. Bu qələbə bir daha bizim kimliyimizi bütün dünyaya bəyan etdi. Artıq bir reallıq var: Qarabağ Azərbaycandır! Azərbaycanın tarixinə qızıl hərflərlə yeni bir tarix yazan Ali Baş Komandan İlham Əliyev tarixi qələbəmizə imza atmaqla bu reallığı bir daha təsdiq etdi. Bu gün Qarabağın tacı olan, alınmaz Şuşa qalasında, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda müqəddəs Azərbaycan bayrağı qürürla dalğalanır. Bu böyük qələbə işğal altında olan bütün torpaqlarımızı özümüzə qaytardı. Bu böyük qələbə xalqımızın 30 illik ümidsizliyinə son qoydu. Bu böyük qələbə tarixi ədaləti bərqərar etdi. 30 ildə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qisası layiqincə alındı. Bu Böyük Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. Prezident İlham Əliyev təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda təhlükəsizliyin təmin edilməsinə nail oldu. Dövlətimizin başçısı həm regionda, həm də dünyada terrora, separatizmə qarşı mübarizə aparan nüfuzlu siyasi xadim və dövlət xadimidir. Şir ürəkli, cəsur və müdrik Prezidentimiz bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsində müstəsna rolu olan görkəmli sərkərdədir.

Rəfiqə Rzayeva,
Şirvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru

Keçidlər