Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq.
10 noyabr 2020-ci il Azərbaycan tarixinə Qələbə günü kimi yazıldı. 27 sentyabrdan başlanan, Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Azərbaycan öz tarix torpaqlarına qovuşdu.
Müharibə başlayan ilk günlərdən bəri Azərbaycan xalqının yüzlərlə igid oğlu könüllü olaraq ordu sıralarına qoşulmuş, vətən torpaqları uğrunda vuruşmuşlar. Xalq isə öz liderinə, Ali Baş Komandanına güvənərək hər gün yeni qələbə xəbərləri, yeni azad olunmuş ərazilər gözləyirdi. Təbii ki, müharibə özü hər zaman insanları vahiməyə gətirəcək bir hadisədi, lakin bu dəfə Azərbaycan Ordusu qətiyyətli idi, xalq isə inamlı. Axı biz 30 ilə yaxın idi ki, bunu gözləyirdik.
Kökləri hələ XIX əsrə dayanan bu münaqişə ermənilərin Azərbaycan ərazisinə köçürülməsi ilə başlamışdır. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən İrandan və 1829-cu il Ədirnə müqaviləsinə əsasən Osmanlı imperiyasından Azərbaycan torpaqlarına köçürülən və ən dilbər guşələrində yerləşdirilən ermənilər tezliklə torpaq iddiallarına başlamış, “Böyük Ermənistan” xəyalları qurmağa başlamışlar. Ötən üç əsr ərzində ermənilər dəfələrlə xalqımıza qarşı torpaq iddiaları irəli sürmüş və bir çox hallarda himayədarları sayəsində buna nail olmuşlar. 1918-ci ildə İrəvan, 1920-ci ildə Zəngəzur mahalı ermənilərə verilmiş, 1905-06 və 1918-ci illərdə türk-müsəlman xalqına qarşı soyqırım həyata keçirilmişdir. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-də kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlılar yaşayan ən münbit ərazilərdən, xüsusən də İrəvan və onun ətraf rayonlarından 150 minə yaxın əhali deportasiyaya məruz qalaraq Azərbaycanın aran rayonlarına köçürülmüşdür. 1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən 1988-1991-ci illərdə bütün azərbaycanlı əhalinin Qərbi Azərbaycandan məcburi çıxarılmasına nail olmuşlar. Birinci Qarabağ müharibəsinin gedişatında Azərbaycanın 20% qədər torpaqları ermənilər tərəfindən işğal olunmuşdur. 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı. Lakin ötən 26 il ərzində sülh danışıqları heç bir nəticə verməmişdir. Bu situasiyada yeganə çıxış yolu müharibə idi.
2016-cı ilin aprel döyüşlərində Azərbaycanın mərd oğulları böyük şücayət göstərərək bir çox strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etmişdilər. Aprel döyüşləri gələcək qələbələr üçün bir təkan idi. Və nəhayət o günlər də gəlib çatdı. Vətən müharibəsi xalqımızın hər zaman bir olduğunu, həmrəy olduğunu, heç vaxt çətinliklərdən qorxmadığını bir daha bütün dünyaya sübut etdi. Çətin müharibə günlərində hər kəs Prezident İlham Əliyev cənablarına və ordumuza öz dəstəyini nümayiş etdirirdi. Hər gün milyonlarla vətəndaşımız cəbhədən gələn xoş xəbərləri gözləyirdi. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərinin azad olunması xalqımıza inanılmaz sevinc hissləri yaşatdı. Böyük itkilər verən Ermənistan tərəfi itkilərini bizim yaşayış məntəqələrimizi hədəf almaqla kompensasiya etməyə çalışırdılar. Lakin Azərbaycanın Rəşadətli Ordusu yenə də mənfur düşmənlərə öz cavabını döyüş meydanında verirdi.
Vətən müharibəsinin ən parlaq səhifəsi yəqin ki, xan şəhəri Şuşanın işğaldan azad olunması idi. 8 noyabr 2020-ci il tarixində Şuşa öz tarixi vətəninə qovuşdu. Ali Baş Komandan, Prezident İlham Əliyev öz çıxışında bildirmişdir ki, “ İyirmi səkkiz il yarımdır ki, işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür”.
Qələbə xəbərini döyüş meydanında davam etdirən şanlı Azərbaycan Ordusu ertəsi gün 72 Azərbaycan kəndini işğaldan azad etdi. Noyabrın 10-da xalqa müraciət edən Prezident İlham Əliyev üçtərəfli bəyannamənin imzalanması ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatdığını bildirmişdir. Bu qələbə Prezidentimizin uzaqgörən siyasəti, rəşadətli ordumuzun tükənməyən gücü hesabına qazanılmışdır. Artıq Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Güllü Rzayeva
9 nömrəli tam orta məktəbin direktoru