Qürur günün mübarək Azərbaycan!
10.11.2020-ci il. Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və bu gün Qələbə günü kimi tarixə keçdi. Münaqişənin yekunlaşması ilə bağlı üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanatda Dağlıq Qarabağ ilə bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir. Növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olundu. Bu da vətən müharibəsinin, haqlı mübarizəmizin qələbə ilə başa çatması deməkdir. Azərbaycan artıq yeni quruluculuq mərhələsinə qədəm qoyur. "7 rayonun bərpa edilməsi və məcburi köçkünlərimizin Dağlıq Qarabağ daxil olmaqla öz ata-baba evlərinə dönməsi 30 ilə yaxın işğal altında qalan ərazilərimizə həyatın yenidən qayıtması deməkdir. Bəyanatın imzalanmasının səbəblərindən biri Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Azərbaycan xalqı və ictimaiyyəti noyabrın 8-də Şuşanın işğaldan azad olunması xəbərini çox böyük coşqu və ruh yüksəkliyi ilə qarşıladı. Ölkənin hər yerində soydaşlarımız bu tarixi hadisəni bayram edir, bir-birini təbrik edir və hər kəs özünü görünməmiş dərəcədə xoşbəxt və güclü hiss edir. Şuşanın azad edilməsi ilə Müzəffər Ali Baş Komandan kimi Cənab İlham Əliyev, Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin məharətini və gücünü bütün dünyaya nümayiş etdirdi. Qafqazın konservatoriyası və incisi olan, gen yaddaşımızda milli qeyrət rəmzi kimi daşlaşan Şuşanın azad edilməsi Azərbaycan xalqının təkcə döyüşkən ruhunun nümayişi deyil, həm də tapdanmış heysiyyətinin və milli qürurunun bərpası, dirçəldilməsi deməkdir. Bu gün biz xalq olaraq, azərbaycanlı olaraq hamımız qürurluyuq, başımızı dik tuturuq, özümüzü güvənli və güclü hiss edirik. Cənab Ali Baş Komandan İlham Əliyev tarixi şəxsiyyət kimi yeni tarix yaratdı və son 200 ildə xalqımızın və dövlətimizin haqsız olaraq məruz qaldığı məğlubiyyətlər tarixinin qaranlıq səhifəsini qapadıb, torpaqlarımızın işğal günlərini təqvimdən çıxararaq onları qələbə günləri ilə əvəzlədi, qalibiyyət səhifəsi ilə başlayan yeni və şanlı tarix yazdı, min illər boyu bütün azərbaycanlıların fəxr edəcəyi tarixi şəxsiyyət və Müzəffər Ali Baş Komandan kimi hər zaman böyük hörmət və sayğı ilə xatırlanacaq qalib xalq, qalib ordu yaratdı. Belə bir şərəfli tarix yazdığına, bizə milli qüruru və milli dirçəlişi yaşatdığına görə cənab Prezidentimizə sonsuz minnətdarlığımızı bildiririk. Bütün dünya artıq bilir ki, öz liderinin ətrafında sıx birləşən Azərbaycan xalqı yerdə qalan torpaqlarının da işğaldan azad olunmasına və qarşısında duran bütün vəzifələrin icrasına tezliklə nail olacaq. Şuşa xəbərimizin qürurunu yaşarkən cənab Prezidentimizin xalqa müraciəti oldu. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. Bəyanatın bəzi məqamlarını xüsusi qeyd etmək istərdim:
• Bəyanat uzun illər davam edən işğala son qoyur.
• Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir.
• Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir.
• Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür.
• Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
• Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur.
Bu müjdəli xəbəri biz illərdir gözləyirdik. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək. Azərbaycan xalqı bütün tarixi abidələri bərpa edəcək, bütün məscidləri bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Nəhayət bu xoşbəxt günləri görmək bizlərə, bizim övladlarımıza nəsib oldu. Bu qüruru, bu fəxarəti, bu qələbəni bizlərə yaşadan Ali Baş Komandanımız və igid əsgərlərimizlə qürur duyuruq. Təşəkkürlər gözlərini dünyaya əbədi olaraq yuman oğullar!!! Təşəkkürlər oğlanlarının qoxusunu bir daha duya bilməyəcək olan analar, təşəkkürlər ata deyə bir daha səslənə bilməyəcək olan körpə balalar. Hamınızın qarşısında baş əyirik. Hər bir Azərbaycan vətəndaşı sizlərə borcludur. Gecə saatlarından başlayaraq böyükdən-kiçiyə hərkəs böyük bayram ab-havası yaşayır. Meydanlara axışır, zəfər nəğmələrini uca səslə hayqırırlar. İnsanların sevincini təsəvvür etmək çox çətindi. Şəhərimizin sakinləri də Qarabağ müharibəsində qazanılan qələbəni qeyd edirlər. Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır. Gecə saatlarından başlayaraq əllərində üçrəngli bayrağımızla küçələrə çıxan insanlar qələbəni böyük sevgi və coşqu hissi ilə qarşılayıblar. Hazırda da küçələrə çıxan sakinlərin zəfər aksiyaları davam edir. Yürüş iştirakçıları “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir”, “Ordumuza eşq olsun” şüarları səsləndirir. Artıq çətin, ağrılı, acılı günlərimiz geridə qaldı. Pis günün ömrü az olar deyiblər. Doğurdan da belə oldu. Oğullarımız yeni tarixə imza ataraq işğalda olan torpaqlarımızın hər qarışını azad etdi, Qələbə sevincini yaşadı. Sənə Qələbə yaraşır Vətən! Zəfərimiz mübarək Azərbayan, əzəmətli qələbəmiz mübarək Azərbaycan! Qürur günümüz mübarək Azərbaycan! Eşq olsun şanlı ordumuza!
Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Əfqan Həsənov Şirvan Gənclər Evinin direktoru