Şriftin ölçüsü :

Saytın rəngi :

Bəyanat uzun illər davam edən işğala son qoyur.

12 noyabr 2020 | 16:00

Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sülh bəyanatı Azərbaycanın böyük qələbəsidir və milli maraqlarımıza tam cavab verir. 30 ildir pozulmuş ərazi bütövlüyümüz bərpa olunur. Bəyanata əsasən işğalçı qüvvələr torpaqlarımızdan çıxarılır. Ermənistan bu bəyanatı imzalamaqla Azərbaycanın bütün şərtlərini qəbul etmiş oldu. Döyüşlər başlayan ilk vaxtlardan etibarən cənab Prezident İlham Əliyev bildirmişdi ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərindən çıxacağı barədə konkret qrafik təqdim edərsə, döyüşlər dayandırıla bilər. Lakin o zaman Ermənistan tərəfi belə bir qrafik haqqında bir kəlmə də dilinə gətirməmişdi və ancaq bu bəyanatda Azərbaycanın şərtlərinə uyğun olaraq işğalçı qüvvələrin ərazilərimizdən tam olaraq çıxması barədə konkret qrafik əksini tapıb.
   Əldə olunmuş razılaşma sənədi özündə bir sıra əhəmiyyətli məqamları ehtiva edir və bu məqamların hər biri bilavasitə Azərbaycan dövlətinin və xalqının xeyrinədir, çünki bu Azərbaycanın tam, birmənalı qələbəsidir. Sentyabrın 27-dən başlayan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ cəbhəsində əsgərlərimizin şücaəti, qəhrəmanlığı ilə qazanılan qələbə artıq diplomatiya müstəvisinə keçid aldı və bildiyimiz kimi, bu müstəvidə də zəfər qazandı. Çünki bildiyimiz kimi, cənab Prezident bütün çıxışlarında xüsusilə vurğulayırdı ki, Azərbaycan yalnız bir halda atəşkəsə razı ola bilər - işğalçı düşmən bütün ərazilərdən silahlı qüvvələrini geri çəkməli və həmin ərazilər birbaşa Azərbaycanın nəzarətinə keçməlidir. O cümlədən, dövlət başçımız xalqının iradəsinə söykənərək, diplomatik qələbəsi ilə dünyaya sübut etdi ki, o ədaləti bərpa edir və bundan sonra heç hansı xüsusi status və s. deyilən mövzudan danışıla bilməz. Qarabağ müstəqil Azərbaycan Respublikasının digər əraziləri kimi tərkib hissəsi olaraq qalacaq, inkişaf edəcək, regiona öz töhfələrini verəcək. Eyni zamanda, ermənilər Azərbaycan vətəndaşı olaraq bu ərazilərdə heç bir torpaq iddiaları olmadan yaşamaqda davam edəcəklər,
  Daha bir faktor budur ki, sülh razılaşması cəbhədə növbəti qanların axıdılmasının qarşısını aldı.  Artıq dünya da Azərbaycan dövlətinin sülhpərvər ölkə olduğunu anladı. Ermənistan Qarabağ cəbhəsində hətta humanitar atəşkəs rejiminə heç bir əməl etməyərək, bu vasitə ilə sübut etdi ki, onların məqsədləri heç bir insaniyyət çərçivəsinə sığmır. Ancaq Azərbaycan Ordusu öz gücü, qüdrəti sayəsində isbat etdi ki, o düşməni sülhə məcbur edə bilir və etdi də. Artıq beynəlxalq aləm görür ki, ölkəmiz müharibənin deyil, sühün tərəfdarıdır və hər zaman belə olub. Lakin indi bu həqiqət özünü kifayət qədər təsdiq etdi.
Ümumilikdə sənəddə Azərbaycan üçün ən fundamental məsələlər öz həllini tapıb. Bu da ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, qan tökmədən Laçın, Kəlbəcər və Ağdamın yerdə qalan hissəsi Azərbaycana qaytarılacaq və orada bir nəfər də erməni əsgəri qalmayacaq, yəni işğalçı ordunun Azərbaycan ərazisində mövcudluğuna son qoyulur.
   Sənəddə digər vacib məqamlardan biri odur ki, Dağlıq Qarabağa hər hansı bir status verilməsindən söhbət getmir. Əgər əvəllər Dağlıq Qarabağa ən yüksək statusun verilməsi nəzərdə tutulurdusa, bu gün ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar vəziyyəti dəyişib, Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir.
     Bu sazişdə əhəmiyyətli məsələlərdən bir də Naxçıvanın blokadadan çıxmasıdır. Məlum olduğu kimi, sənəddə Naxçıvana gedən ayrıca yol-nəqliyyat sistemi qurulacaq, avtobomil yolu tikilərək istifadəyə veriləcək. Bu yolu isə Azərbaycan tikəcək. Söz yox ki, uzun illər blokadada qalan Naxçıvan artıq bu vəziyyətdən çıxır və həmçinin, Muxtar Respublikaya gediş-gəliş, ticarət imkanları açılır, genişlənir. Bütün bunlar bizim diplomatik qələbəmizin mühüm tərkib hissələridir. Biz böyük sevinc hissi yaşayırıq, bu sevinc hissi isə bizi qarşıda daha böyük uğurlara, qələbələrə doğru aparır, aparacaq.

Azər Quliyev,
Gənclər və İdman İdarəsinin rəisi

Keçidlər