Şirvan şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü təntənə ilə qeyd edilmişdir
Oktyabrın 13-də Şirvan şəhərindəki Heydər Əliyev meydanına toplaşan yüzlərlə şəhər sakini Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünü bayram sevinci ilə qeyd etmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin və şəhərin Şəhidlər xiyabanında ucaldılmış abidə-kompleksin önünə gül dəstələri düzmüş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov şəhər sakinlərini Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə təbrik etmişdir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi “Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı”nı mühüm tarixi hadisə kimi qiymətləndirən M.Camalov müstəqilliyimizin qorunmasında və onun daha da möhkəmləndirilməsində, milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışmış, bütün dünyanı bürüyən iqtisadi böhran dövründə ölkəmizdə həyatımızın bütün sahələrində qazanılan uğurları Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirmişdir.
Milli Məclisin deputatı Azay Quliyev çıxışında 1918-ci ildə başlanan və 1991-ci il oktyabrın 18-də yenidən bərpa olunan müstəqillik tariximizin əhəmiyyəti haqqında danışmış, istiqlalımızın əbədi, dönməz və daimi xarakter almasında ümmummilli liderin əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sivil və demokratik dünya dövlətləri sırasında qazandığı uğurları diqqətə çatdırmışdır.
Bayram tədbirində şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edənlərin bir qrupuna qiymətli hədiyyələr, Yeni Azərbaycan Partiyasına qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilmişdir.
Respublikanın tanınmış müğənniləri və musiqiçiləri meydanda konsert proqramı ilə çıxış etmişlər.
Mərasim bayram atəşfəşanlığı ilə başa çatmışdır.