Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzidir

12 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 10-da xalqa müraciətini bu sözlərlə başlayıb: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar.”
   Bəyanatın mətni barədə ətraflı məlumat verən cənab İlham Əliyev bildirib ki, bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.
   Müraciətdə dövlət başçısı daha sonra vurğulayıb ki, biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.
   Xalqımıza heç vaxt unudulmayacaq tarixi anlar və böyük qürur hissi yaşadan Ali Baş Komandan müraciətində xüsusi vurğulayıb ki, sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq.
  Adını bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazan möhtərəm Prezidentimiz cənab İlham Əliyev müraciətində bəyan edib ki, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir.
  Köçkünlərlə keçirilən çoxsaylı görüşlərinə toxunan dövlət başçısı diqqətə çatdırıb ki, mən son 17 il ərzində köçkünlərlə çoxsaylı görüşlərimdə, onlar üçün yeni evlərin təqdimat mərasimlərində görürdüm ki, ildən-ilə onların ümidləri azalır. Görürdüm, ürək ağrısı ilə bunu görürdüm. Görürdüm ki, artıq onların bəziləri ümidlərini itirib. Bəli, təşəkkürünü bildirirdilər, təbii ki, onlara yaxşı şərait yaradılırdı, onların problemləri həll olunurdu. Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi!
  Cənab İlham Əliyev xalqa müraciətində eyni zamanda vurğulayıb ki, biz Xocalı qurbanlarının da, şəhidlərimizin də qisasını aldıq. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb.
  Bəyanatın bəndləri haqqında məlumat verən dövlət başçısı bildirib ki, Bəyanatın beşinci bəndində yazılıb: "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.” Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır. Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı.
  “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük”, – deyən cənab İlham Əliyev bildirib ki, bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
Dövlət başçısı xalqa müraciətində xüsusi vurğulayıb ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki,   Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq.
  “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”, – deyən Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətini bu sözlərlə bitirib: Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
“  Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru,
filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov

Keçidlər