Şuşanın azad edilməsi Azərbaycan xalqı üçün tarixi bir gündür.
10 noyabr 2020-ci il. Bu tarix Azərbaycan xalqının,bütövlükdə Azərbaycan dövlətçiliyinin tarixinə artıq qızıl hərflərlə yazılmışdır. 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə nəhayət son qoyuldu. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti,Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən üçtərəfli bəyanat imzalanmışdır. 30 ilin həsrətinə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan dövləti öz vətənində qaçqın, köçkün olan həmvətənlərimizə ölçüyə gəlməz bir sevinc bəxş etdi. Onlar öz evlərinə,dədə-baba yurdlarına qayıdacaqlar. Azərbaycan bu münaqişədə Qələbə çaldı! Lakin Qələbəyə gedən yol Azərbaycan xalqı üçün əzablı , ağrılı və mürəkkəb oldu.
Azərbaycan xalqı dünyanın bəxtəvər xalqlarındandır. Çünki onun İlham Heydər oğlu Əliyev kimi bir Prezidenti var. İlham Əliyev tək müstəqil Azərbaycan Respublikasının deyil, dünya azərbaycanlılarının milli sərvətidir. 2003-cü ildə İlham Əliyev Prezident seçilərkən hamımızın dilimizdə əzbər olan bir fikri səsləndirmişdir¬¬¬–“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!”. Mənfur düşmənlərin üzərində qələbənin əldə olunmasında İlham Əliyevin müstəsna rolu var. Cənab Prezident, Ali Baş Komandan 17 il özü demişkən gecə-gündüz Qarabağ məsələsi ilə məşğul olmuşdur. Cənab Prezident yaxşı başa düşürdü ki, Azərbaycanın ərazi bütövlüyü onun iqtisadi müstəqilliyindən keçir. 17 il ərzində Azərbaycan dövləti diplomatik,siyasi,hərbi,mədəni müstəvidə fəal siyasət yürütmüşdür. 17 il ərzində Azərbaycan ölkələr arasında özünə xeyli dost qazanmışdır. Dövlətlərin sırasında Türkiyənin yeri müstəsnadır. Türkiyə Azərbaycan üçün dost yox,qardaş dövlətdir! Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək “Bir millət, iki dövlət” ik!
Bildiyimiz kimi, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna tapşırılmışdır. 28 il gedən danışıqlar heç bir nəticə vermədi. Amma Azərbaycan səbr edirdi. Məsələni sülh yolu ilə həll etmək istəyirdi. 12 may 1994-cü il tarixdə Ermənistanla Azərbaycan arasında Ümumilli lider Heydər Əliyevin səyi nəticəsində atəşkəs əldə olunmuşdur. Buna baxmayaraq, düşmən müntəzəm olaraq atəşkəsi pozurdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev etdiyi bütün çıxışlarında həmişə vurğulayırdı ki,biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Lakin hərb yolu da istisna deyil.
27 sentyabr 2020-ci il tarixdə Ermənistanla Azərbaycan arasında gedən müharibə dövründə Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyev xalqa etdiyi müraciətlərində əsl həqiqəti açıqladı. ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa,Rusiya və ABŞ israrla qeyd edirdilər ki, məsələnin hərbi həlli yolu yoxdur. Bu ondan ötrü bəyan edilirdi ki, Azərbaycan xalqı ərazilərin itkisi ilə barışsın və unutsun. Düşmən isə işğal müddətində orada böyük vəsaitlər xərcləyərək güclü istehkamlar qurmuşdur. Yəni torpaqlardan çıxmaq fikri yox idi. Əksinə, Ermənistanın kriminal rəhbərliyi yeni ərazilər hesabına,yeni müharibəyə başlamağı planlaşdırırdı. Beləliklə, Azərbaycan üçün seçim qalmadı.
27 sentyabr 2020-ci il tarixdə Ermənistan növbəti dəfə atəşkəsi pozaraq, təxribat törətdi. Azərbaycanın Silahlı Qüvvələri buna cavab olaraq bütün cəbhə boyu geniş miqyaslı əks-hücum əməliyyatlarına başladı. Bəzi dırnaqarası hərbi ekspertlər,jurnalistər və politoloqlar qeyd edirdilər ki, Azərbaycan Ermənistanla müharibəyə başlayanda guya onun blitskriq, yəni ildırım sürətli müharibə planı mövcuddur. Bu kökündən yalnış fikir idi. Çünki,adından göründüyü kimi Qarabağ coğrafi nöqteyi nəzərdən dağ ərazisidir. Burada sürətli hərbi əməliyyatların aparılması qeyri mümkün idi.
27 sentyabr 2020-ci ildə başlayan müharibə cəmi 44 gün davam etdi. Bu müddətdə Şanlı Azərbaycan Ordusu 72 yaşayış məntəqəsini,ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, o cümlədən,Cəbrayıl, Füzuli ,Zəngilan,Qubadlı şəhərlərini işğaldan azad etdi. Müharibənin dönüş nöqtəsi əlbəttə ki,Azərbaycanın Konservatoriyası,mədəniyyət paytaxtı sayılan,Qarabağın incisi-Şuşa şəhəri oldu. Şuşa 8 noyabr 2020-ci il tarixdə işğalçılardan azad edildi! Məhz bu tarixdən sonra müharibənin və Ermənistanın taleyi bəlli oldu. Hərbi əməliyyatların aparılması yeni,mənasız qurbanlara gətirib çıxaracaqdı. Hərbi əməliyyatların aparılmasının mənası yox idi. Məhz bu səbəbdən Ermənistan Sülh müqaviləsini imzalamağa məcbur edildi.
Azərbaycanı qələbəyə aparan yol bir neçə amillərdən ibarət idi. Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən,müdrik,şəxsi siyasi cəsarəti ,diplomatik məharəti,müzəffər,şanlı Azərbaycan Ordusunun və Azərbaycan xalqının birliyi nəticəsində əldə olmuşdur. Qardaş Türkiyə Cumhuriyyətinin Azərbaycanın bu haqq savaşında siyasi və mənəvi dəstəyi güclü amillərdən biri idi. Müharibənin ən vacib nailiyyətlərindən biri də o idi ki, güc dövlətləri Azərbaycana təzyiq edə bilmədilər.Ermənistanın tərəfində isə heç bir dövlət iştirak edə bilmədi. Belə niyyətlər isə var idi.
Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevin özünün də etiraf etdiyi kimi 30-dan artıq müsahibə vermişdir. O, dəfələrlə qeyd etmişdir ki, tarixi nöqteyi nəzərdən Azərbaycan haqlıdır. Ermənilər bu ərazidə özləri dediyi kimi minilliklər kimi deyil,1828-ci ildə Çar Rusiyası və İran dövlətləri arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra köçürülmüşdülər. Ermənilər Türkiyədən və İrandan köçürülmüşdülər. Çar Rusiyasının məqsədi əhalinin milli tərkibini xristianların xeyrinə dəyişmək idi. Lakin bu xristianlar nədənsə ancaq ermənilərdən ibarət oldu. Nəinki, Dağlıq Qarabağ, bütövlükdə Cənubi Qafqaz ermənilərin tarixi vətənləri deyil. Onların tarixi torpaqları Kiçik Asiyadadır. Əsrlər boyu ermənilərin, dövlətləri,dövlətçiliyi olmamışdır. İndiki Ermənistan Respublikası adlanan bir dövlət süni qurumdur. Çünki o tarixi Azərbaycan torpaqları üzərində yaradılmışdır. Buna görə Ermənistan Sovet Rusiyasına və Azərbaycan xalqına minnətdar olmalıdır. Məlumdur ki,28 may 1918-ci il tarixdə Tiflisdə Azərbaycan öz müstəqiliyini elan etdi. Səhəri gün, yəni 29 may 1918-ci ildə Ermənistanın paytaxtının olmamasına görə qədim Azərbaycan şəhəri İrəvan, Ermənistana verilmişdir.
10 noyabr 2020-ci il tarixdə Azərbaycan xalqı 30 ilin həsrətinə son qoydu. Ədaləti bərpa etdi. Azərbaycan xalqının qəddini düzəltdi. O, məğlub dövlətdən qalib dövlət oldu. Artıq heç kim Azərbaycanın ərazi bütövlüyünü poza bilməz. Müstəqil Azərbaycan Respublikası bütün dünyaya öz haqqını və gücünü göstərdi.
Eşq olsun müstəqil Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevə!
Eşq olsun Azərbaycanın Müzəffər və Şanlı Ordusuna!
Eşq olsun Qəhrəman Azərbaycan xalqına!
Qarbağ bizimdir! Qarabağ Azərbaycandır!
G.Vəliyeva
Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru