Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız tarixin ağır sınağından üzüağ çıxdı.

12 noyabr 2020 | 16:00

Noyabrın 10-u ölkəmiz üçün tarixi gün oldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və başçılığı ilə Ermənistanın 30 il ərzində xarici havadarlarının dəstəyi sayəsində işğal altında saxladığı torpaqlarımızı azad etdi. Ordumuzun sentyabrın 27-dən başlanan zəfər yürüşü başa çatdı.
   Bu adi yürüş olmadı. Bu, Müzəffər Ali Baş Komandanımızla xalqımızın həmrəyliyi, milli birliyi, vahid amal uğrunda birləşməsi və igid oğullarımızın qanı bahasına başa gəldi. Ancaq bu 44 günlük Vətən müharibəsi və 30 il ərzində dırnağına kimi silahlanmış, çoxmərtəbəli yeraltı istehkamlar qurmuş və yalnız müharibə siyasətinə köklənmiş düşmən üzərində qələbə bütün dünyaya bizim milli həmrəyliyimizi nümayiş etdirdi, özümüzü də inandırdı ki, bəzən fikir ayrılıqlarına baxmayaraq, milli məsələlərdə, torpaqlarımızın azadlığı uğrunda bir yumruq kimi birləşə bilərik. Biz sübut etdik ki, zəif, əzilmiş, torpaqları işğal altında, əhalisi köçkün və qaçqın vəziyyətində yaşamağa məhkum olan xalq deyilik. Biz, sözün həqiqi mənasında, güclü xalqıq. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Həmçinin sübut etdi ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı, öz qələbəsini döyüş meydanında əldə etdi.
Bu qələbə yalnız müharibə çətinlikləri ilə başa gəlmədi. Mediadan aldığımız məlumatlar, dövlətin rəsmi nümayəndələrinin verdikləri açıqlamalardan başa düşmək olur ki, dövlətimiz və dövlətimizin başçısı bu müharibə zamanı nə qədər böyük sınaqlardan çıxmış, hansı təzyiqlərə məruz qalmışdır. Biz bunları Prezident İlham Əliyevin dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələrdən, onun qarşısına qoyulan təxribat xarakterli sualları necə tutarlı, əsaslı faktlarla cavablandırmasından başa düşürük. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan nə qədər diplomatik və siyasi təzyiqlərə məruz qaldı. Yəqin ki, müharibədən sonra açıqlanan məqamlar çətinliklərimizin yalnız cüzi hissəsindən xəbərdar olduğumuzu göstərəcək.
   Bu qələbə bir çox məqamları ifşa etdi. “Qədim”, bütün insanların “alisi”, ancaq “haqsız yerə incidilən”, “təqib edilən" “məzlum” və eyni zamanda, “qəhrəman” olması haqqında uydurulmuş erməni mifi darmadağın edildi.
Mülki insanlara qarşı törətdiyi cinayətlərin müqabilində Azərbaycan dövlətinin dönə-dönə “biz mülki əhali ilə mübarizə aparmırıq, qisasımızı döyüş meydanında alırıq” şüarı bir daha kimin kim olduğunu göstərdi. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.
Bu müharibə işğal olunmuş ərazilərimizdə mədəni irsimizə vurulmuş zərbə, mənəvi sərvətlərimizin talan edilməsi, məzarlıq və məscidlərimizin, dini və tarixi abidələrimizin təhqir olunması, XXI əsr sivil şüuruna sığışmayan barbarlıq qarşısında       Azərbaycanda erməni kilsələrinin qorunub saxlanması da xalqımızın qüdrətini, mərdliyini və humanizmini göstərdi. Ermənistandan fərqli olaraq, Azərbaycan etnik təmizləmə məqsədi güdmədiyini əməlləri ilə sübuta yetirdi. Bunu etiraf etmək istəməyən Ermənistanın havadarları da görür və başa düşür. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
   Azərbaycan xalqı tarixi qələbəsini də başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı ilə, şəhidlər verərək qazandı.
  Bu, Azərbaycan xalqının şanlı Qələbəsidir!
  Bu, Azərbaycanın tam və qeyd-şərtsiz Qələbəsidir. Xalqımız tarixin ağır Qarabağ sınağından üzüağ çıxdı!

Rövşən Allahverdiyev,
Şirvan şəhər Təhsil Şöbəsinin müdiri

Keçidlər