Koronavirusa qarşı profilaktik reydlər davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının ( COVİD 19) yayılmasının qarşısının alınması ilə bağlı zəruru şərtlərdən biri əhali arasında maarifləndirici və izahedici tədbirlərin həyata keçirilməsidir. Bu məqsədlə Şirvan şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən şəhər ərazisində mütəmadi olaraq reydlər keçirilir.
Şəhər ərazisində fəaliyyət göstərən xidmət obyektlərində keçirilən növbəti reyddə gün ərzində 26 ictimai iaşə, 106 ticarət, 17 bərəbərxana və gözəllik salonu, 15 digər xidmət obyektlərinə nəzarət edilib. Reydlərdə tibbi maskadan və dezinfeksiyaedici maddələrdən istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi şəhər sakinlərinin, şəhər ərazisində fəaliyyət göstərən sahibkarların bir daha diqqətinə çatdırılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyə olunub. Xüsusilə, insanların sıx toplaşdığı yerlərdə, bazar ərazisində, qapalı məkanlarda, iş yerlərində, ictimai nəqliyyatda karantin rejiminə daha ciddi əməl olunmasının vacibliyi vurğulanıb. Kütləvi tədbirlərin, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin qadağan olunmasının virusun yayılmasının qarşısının alınmasına, insanların sağlamlığının qorunmasına xidmət etməsi barədə sakinlərə ətraflı məlumat verilib.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.