Qələbə və Azərbaycan Ordusu
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq cəbhəboyu uğurlu əks – hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir və xalqımıza qələbə sevinci yaşatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd , 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Azərbaycan əsgəri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər yaşlı qocaları da qoyub qaçmışlar.
Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə Azərbaycanın əlindədir. Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.
Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
Qarabağ Azərbaycandır!
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin
Baş fond mühafizi Yahyayeva Fəridə