17 noyabr Milli Dirçəliş Günüdür!
1988-ci ilin ilk günlərindən Ermənistanın Azərbaycan torpaqlarına qarşı açıq ərazi iddiası başlandı. Mixail Qorbaçovun başçılıq etdiyi Sovet imperiyasının Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasətindən ruhlanan ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Onlar azərbaycanlıların evlərinə soxulur, onları öldürür, diri-diri yandırır, görünməmiş vəhşiliklər törədirdilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəldi.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.
1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Azərbaycanda noyabr hadisələri milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Lakin Ermənilərin Azərbaycanın əzəli torpaqlarına qarşı yürütdüyü ərazi iddiası 30 ilə yaxın işğalla nəticələndi. Bu ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun torpaqlarımızın işğaldan azad etmək məqsədi ilə başladığı zəfər yürüşü uğurla başa çatdı.
1988-ci ilin noyabrın 17-də başlanan ümumxalq hərəkatı ölkəmizin 1991-ci ildə müstəqillik qazanması, bu il isə torpaqlarımızı işğaldan azad olunması ilə öz missiyasını başa vurdu.