Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısı: Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır.

17 noyabr 2020 | 16:00

Prezident İlham Əliyev işğaldan azad edilən Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Mərasimdə çıxış edən Prezident İlham Əliyev Füzuli şəhərinin erməni vandalları tərəfindən dağıdıldığını, talan edildiyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.
   Dövlət başçısı nəzərə çatdırıb ki, mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik.
   Prezident İlham Əliyev qeyd edib ki, otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə o vaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni  bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır.
   Cənab Prezident bildirib ki, Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi. Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?!
   Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar.
   Dövlət başçısı əminliklə qeyd edib ki, bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər