Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

17 noyabr 2020 | 16:00

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva  Cəbrayıl rayonuna gedərkən avtomobili özü idarə edən  Dövlət başçısı  düşmənin dağıtdığı kəndləri göstərərək əminliklə qeyd edib: Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın. Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq. Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub. Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik.
   Sonra Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünü ziyarət edib. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Bayrağımızın tarixi Xudafərin körpüsündə dalğalanması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəzib, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirdilər.
   Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşüblər.Cəbrayıl şəhərinə gedən yolda Prezident İlham Əliyev  hiddətlə bildirib ki, düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur.
   Dövlətimizin başçısı, Ali Baş Komandan oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırıb və qürurla qeyd edib ki, Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
   Sonra cənab Prezident  Cəbrayılın mənfur düşmən tərəfindən dağıdıldığını və tezliklə bərpa olunacağını bildirib.
-   Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar.
   Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar - hamısı düşmən tərəfindən sökülüb.
  Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək.
  Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.
   Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
   Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar.
Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma  səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın.
   Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.


Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər