Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri əbədi yaddaşlara keçəcək. Bu səfər 44 günlük müzəffər hərbi və siyasi diplomatik yürüşümüzün, qələbə “twit”lərinin, xalqa müraciətlərinin məntiqi davamıdır. Bu səfər gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsidir. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də xeyirin şər üzərində qələbəsidir.
Ali Baş Komandanımızın müharibə ab-havası hələ soyumamış ərazilərə bu səfəri əsl cəsarət nümunəsidir. Buna baxmayaraq Prezident İlham Əliyev həmişə olduğu kimi yenə də öz qələbə sevincini xalqla bölüşmək üçün bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. Bu səfəri ilə bir daha sübut etdi ki, o həmişə xalqının yanındadır, onun sevincinə şərikdir. Bu şanlı Qələbədən sonra Prezident İlham Əliyevin bölgələrə ilk səfəridir və təsadüfi deyil ki, Ali Baş Komandan məhz işğaldan azad olunmuş torpaqlara getdi.
Füzuliyə səfəri zamanı yolboyu yerli əhalini salamlamaq üçün avtomobildən enən Prezident İlham Əliyev əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanıb. Dövlət başçısının respublikamızın bölgələrinə səfəri həmişə izdihamla müşayiət olunub, xalq coşqusunun şahidi olmuşuq. Ancaq bu coşqu qalib xalqın duyğu-düçüncəsinin, hiss-həyacanının, keçmiş kədərdən sıyrılmağın və bugünkü sevincin tərənnümü idi.
Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalqın birliyi haqqında xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri zamanı Xüdafərin körpüsünü ziyarəti öz rəmziliyi və mahiyyəti ilə qəlbimizə fərəh bəxş etdi. Müzəffər Ali Baş Komandan Qarabağda hansı bayrağın dalğalanmalı olduğunu nümayiş etdirdi. İşğalçıya diz çökdürən Müzəffər Ali Baş Komandan “Şəhidlərimizin son örtüyü” olan şanlı bayrağımız önündə diz çökdü, öpüb gözlərinin üstünə qoyaraq, bir daha enməmək üzrə göyə qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xüdafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xüdafərin həm də milli qürur məsələsi idi.
Bu səfərin tarixi əhəmiyyəti ilə yanaşı, digər mühüm cəhəti vaxtilə Azərbaycanın problemlərinə biganə qalan, Ermənistana isə havadarlıq edən dünya birliyinə ciddi mesajın verilməsidir. Azərbaycan işğalla barışmadı, bütün torpaqlarını azad etdi, öz tarixi torpaqlarına sahib çıxdı və sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, bu məsələnin başqa yolu – Vətən müharibəsi də mümkündür.
Bugünkü uğurumuz, bu şanlı Qələbəmiz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində mümkün oldu, reallaşdı.
Hər zaman “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Ali Baş Komandan İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına böyük coşqu və izdihamla müşaiyət olunan səfəri ilə bu fikrin gerçəkliyini sübuta yetirdi və həmin nidanı qoymuş oldu.
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin
elmi işçisi Qasımova Gültəkin