Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Bizim həyət”in açılışı olub.

20 noyabr 2020 | 16:00

Noyabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərində abadlaşdırılan həyətin açılış mərasimi keçirilib.
   Açılış mərasimində  Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov,  layihələr üzrə koordinar Səbinə Qasımova, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və məhəllə sakinləri iştirak edib.
   Tədbiri Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsi və Böyük Qələbə münasibətilə mərasim iştirakçılarını və sakinləri təbrik etdi. Qeyd etdi ki, sahəsi 1,5 ha olan həyətin ərazisində 6 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunub, infrastruktur yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 101 ədəd ağac əkilib və yaşıllıq zolağı salınıb. 700 nəfərə yaxın sakinin yaşadığı həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. İlqar Abbasov layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusilə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri hörmətli Leyla xanım Əliyevaya sakinlər adından təşəkkürünü və minnətdarlığını bildirdi.
   Tədbirdə IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov da çıxış edərək layihənin uğurla həyata keçirilməsi münasibətilə şəhər rəhbərliyini və sakinləri təbrik etdi. IDEA İctimai Birliyinin həyata keçirdiyi layihələr barədə məlumat verərək bildirdi ki, “Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Surxay Şükürov "Bizim həyət" layihəsi çərçivəsində regionlarda ilk olaraq Şirvan şəhərində belə nümunəvi həyətin sakinlərin istifadəsinə verildiyini vurğuladı. Belə layihələrin Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda, Dağlıq Qarabağda həyata keçiriləcəyini əminliklə qeyd etdi.
   Açılış mərasimində  çıxış edən sakinlər  İDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi çərçivəsində salınan həyətdə yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etdilər.
  Sonra şəhər rəhbərliyi, qonaqlar abadlaşmış həyətdə görülən işlər, yaradılan şəraitlə tanış oldular və Şirvan Gənclər Evinin və Aqrar İnkişaf könüllülərinin iştirakı ilə məhəllədə ağaç əkdilər.

Keçidlər