Ağdam üçün yeni dövr başlayır.
Azərbaycan xalqı illərdən bəri dərin intizarla gözlədiyi hadisənin - torpaqlarımızın azad olunmasının sevincini yaşayır. Bu sevinci bizə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusu yaşatdı.
2020-ci ilin 27 sentyabrından başlayaraq dövlətçilik tariximizin ən şərəfli səhifələri yazıldı, düşmən üzərində qələbə qazanıldı. 44 günlük Vətən savaşında ordumuzun hərbi peşəkarlığı, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, kənd və qəsəbələrimiz, strateji yüksəkliklərimiz əsl sahiblərinə qaytarıldı. Noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşanı 28 illik işğaldan sonra ordumuz azad etdi. Ardınca isə noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi oldu. Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi. Ağdamın işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir. Ağdamın hərbi əməliyyat keçirilmədən, siyasi yolla işğaldan azad edilərək ölkəmizin yurisdiksiyasına qaytarılması dünyada örnəyi o qədər də çox olmayan nadir hadisələrdəndir. Bu tarixi hadisə münasibətilə ən böyük təbrik və təşəkkür Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, şanlı ordumuza düşür.
Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaqlarını bildirən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: "Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu və digər amillər bu Qələbəni şərtləndirdi”.
Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi, düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu. O qətnaməni ki, hələ 1993-cü il iyulun 29-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam rayonundan dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edirdi.
Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi. Məsələyə məsul ATƏT-in Minsk qrupunun həmsədrləri qətnamənin icrasına əməl etməyən işğalçının əməllərinə biganə qaldılar. Haqq savaşına qalxan Azərbaycan işğalçını, azğın düşməni BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Döyüş meydanında parlaq Qələbə qazanan Azərbaycan siyasi meydanda da istəyinə nail oldu. Cəbrayıldan, Füzilidən, Zəngilandan, Qubadlıdan, Şuşadan sonra artıq Ağdam da Azərbaycandır.
Ölkə başçımızın qeyd etdiyi kimi: “Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə”.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən Savaşı qələbə ilə başa çatdı. İşğalçı Ermənistan təslim olmağa məcbur edildi. Döyüş meydanında, diplomatiya sahəsində qazanılan qələbə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Şahmar Əkbərzadə, Famil Mehdi, Əhməd Ağdamski, Qurban Pirimov, Sara Qədimova, Qədir Rüstəmov, Arif Babayev, Mənsum İbrahimov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, mineralogiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş edib. Heç şübhə etmirik ki, Ağdam yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, digər əməli fəaliyyət sahələrinin gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Dövlət başçımız xalqa müraciətində də vurğuladığı kimi, Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək.
Elə ölkə başçımızın qətiyyəti, cəsarəti, Ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevriləcək. Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik qələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatımız da öz sözünü deyəcək.
Ləman Mikayılova,
Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyinin baş elmi işçisi.