Ağdam yenidən Azərbaycanın ən zəngin rayonlarından birinə çevriləcək.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük hərbi, siyasi və diplomatik qələbəsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanmış üçtərəfli bəyanat Azərbaycanın böyük qələbəsi, illərdir düşmən tapdağı altında qalan torpaqlarımızın qayıtması, üçrəngli bayrağımızın əsl sahiblərinə qovuşan torpaqlarımızda qürurla ucaldılmasıdır. Ağdam rayonunun hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoyub, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı. 1993-cü il iyulun 23-də erməni işğalçıları tərəfindən zəbt edilən Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsi uzun sürən ayrılıqdan, doğma el-oba həsrətindən sonra, nəhayət, azad edildi. Azərbaycan tarixinin yeni, ən şərəfli səhifəsini yazan Prezident İlham Əliyevin möcüzəsi, Azərbaycan xalqının, böyük Qayıdışa ümidini itirən doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın arzularını reallaşdırdı. Prezidentimizin ölkəyə rəhbərlik etdiyi 17 ildə həyata keçrdiyi məqsədyönlü siyasətdən güc alan bu möcüzə bizi qələbəyə, qayıdışa addım-addım yaxınlaşdırırdı.
Düşmən Ağdamı işğal edəndə bu rayonun barlı-bəhərli bağları, üzüm plantasiyaları, ağır yeyinti və yüngül sənayesi, qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var idi. İndi isə erməni vandalları Ağdamı xarabalıqlara, dağıdılıb viranə qalmış məkana çevirib, qaytarır. Düşmən İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparıb, mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edib, evlərin daşlarını da söküb aparıb, şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscidi, minarələrini vəhşicəsinə uçurub. Düşmənin vəhşi xisləti, məkrli, çirkin niyyəti yenə də puç oldu. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Ölkə Prezidentimizin dediyi kimi “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var”.
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Şübhəsiz ki, dekabrın 1-dək Kəlbəcər və Laçın rayonları da azad olunacaq və beləliklə də sübut olunur ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Bu mənada bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev öz çıxşılarında dəfələrlə qeyd etdiyi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Bu kontektsdə Prezident İlham Əliyev beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atıb, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilib.
Ermənistan uğursuz ölkədir və bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. El gücü, milli birliyimiz, ölkə Başçımızın məqsədyönlü, xalqımızın xoş gününə hesablanan siyasəti sayəsində Ağdam yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Məğrur, Qalib Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyan Qarabağımız başdan-başa gülüstana çevriləcək. Ağdam şəhərinin bərpası üçün də baş plan hazırlanacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Ağdam yenidən öz şöhrətini bərpa edəcək. Ağdamın azad edilməsinə səbəb olan ikinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun! Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov