Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

27 noyabr 2020 | 16:00

Azərbaycan Ordusu noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Ölkəmizin ən böyük rayonu mənfur düşmənlərdən, terrorçulardan azad olundu. Bu münasibətlə Müzəffər Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza təşəkkür edir, Xalqımızı, Kəlbəcərliləri təbrik edirəm. Dövlətimiz BMT Təhlükəsizlik Şurasının Kəlbəcərlə bağlı 822 saylı qətnaməsini özü icra etdi. 1990-cı illərin əvvəllərində Azərbaycanın anarxik ictimai-siyasi vəziyyətindən istifadə edən mənfur düşmənlər tərəfindən torpaqlarımız işğala məruz qalmışdır. Cənab Prezident İlham Əliyevin Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi: “1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”.
    Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Kəlbəcərin azad olunması da noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycanın döyüş, diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Sentyabrın 27-də Ermənistan ordusunun başladığı müharibə 44 gündən sonra Silahlı Qüvvələrimizin tarixi Qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın etdi. Nəticədə münaqişə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Xalq onu müqəddəs zəfər gününə qovuşduran Prezidentinin ətrafında sıx birləşib. Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərə böyük köç ərəfəsindədir. 27 illik həsrətə son qoyuldu. Kəlbəcər rayonu işğaldan azad olundu. Kəlbəcər kimi mühüm və strateji əhəmiyyətli, o cümlədən çətin relyefə malik bir rayonun bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edilməsi Azərbaycanın böyük və tarixi qələbəsidir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni Kəlbəcərdən çıxmağa vadar etdi.
    Kəlbəcər strateji baxımdan vacib olduğu qədər təbii sərvətləri ilə də zəngin bir rayondur. Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Kəlbəcər həm yeraltı, həm də yerüstü sərvətləri ilə olduqca zəngindir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli çoxsaylı ehtiyatlar, o cümlədən qızıl yataqları, mis yataqları, civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daşı yatağı, qum-çınqıl qarışığı yatağı, yüksək dekorativ xüsusiyyətlərə malik 4 mərmər oniksi, nefroid yatağı, 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1 listvenit yatağı və digər yataqlar mövcuddur. Eyni zamanda Kəlcəbərdə dünya şöhrəti qazanmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da mövcuddur. Bu baxımdan Kəlbəcər rayonu sənayenin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara suyun verilməsi nəzərdə tutulur ki, bu da ölkəmizdə kənd təsərrfüatının inkişafına böyük dəstək göstərəcək. Kəlbəcər turizm baxımından da geniş imkanlara malikdir. Füsunkar təbiətə və zəngin mədəni irsə malik olan Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" müalicə-istirahət sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində - silsilə dağ yamaclarındadır. Kəlbəcərin əsrarəngiz təbiəti turizmin inkişafı üçün böyük perspektivlər açacaq. Əlbəttə ki, Kəlbəcərin zənginliklərini saymaqla qurtarmaq olmaz, lakin əminliklə onu demək olar ki, Kəlbəcər Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək. Beləliklə biz bugün tam əminliklə deyə bilərik ki, füsunkar təbiətə, strateji əhəmiyyətə malik tarixi torpağımız Kəlbəcər bizimdir! Var olsun cənab Ali Baş Komandanımız! Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Şirvan Gənclər Evinin direktoru     Əfqan Həsənov

Keçidlər